Avstriyanın gənc baş naziri Sebastian Kurz Talibanın hakimiyyəti ələ keçirdiyi Əfqanıstandan qaçqınların qəbul edilməsinə qarşı olduğunu bildirib.
Editor.az “Euronews”a istinadən xəbər verir ki, Avstriyanın “Puls24″ kanalına danışan Kurz daha çox əfqan qaçqını qəbul etməyi düşünmədiklərini qeyd edib:
“Son illərdə Avstriyaya 40 min əfqan qaçqını qəbul edib.Biz ən böyük Əfqanıstan cəmiyyətinə sahib ölkələrdən biriyik. Daha çox adam qəbul etməyimizi düşünmürəm. Əksini düşünürəm”.
Mövzu ilə bağlı “Tvitter” hesabında paylaşım edən baş nazir Avropa Birliyinin Əfqanıstanda baş verən hadisələrlə əlaqədar “2015 -ci ilin səhvlərini təkrarlamamalı” olduğunu söyləyib:
“Əfqanıstanda baş verənlər dramatikdir və 2015 -ci ilin səhvlərini təkrarlamamalıyıq. Əfqanıstanı tərk edən insanlara qonşu ölkələr tərəfindən yardımlar edilməlidir. Avropa Birliyi sərhədlərini qorumalı və qanunsuz immiqrasiya və insan qaçaqmalçıları ilə mübarizə aparmalıdır”.
//Gülnarə Abasova, Editor.az

