“Əgər Ermənistan üçüncü Qarabağ müharibəsi niyyətindədirsə, bu onun üçün siyasi intihar olacaq”- Elman Nəsirovla MÜSAHİBƏbackend

“Əgər Ermənistan üçüncü Qarabağ müharibəsi niyyətindədirsə, bu onun üçün siyasi intihar olacaq”- Elman Nəsirovla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Elman Nəsirovla müsahibəsini təqdim edir.

-Elman bəy, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məsələni necə dəyərləndirirsiniz?

– Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Almaniyaya iki günlük səfəri zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, sülh müqaviləsinin imzalanması kimi məsələləri diqqət mərkəzində saxladı. Qeyd etdi ki, ölkəmiz Ermənistana sülh müqaviləsinin imzalanmasında 5 baza prinsip təqdim edib və bunlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hazırlanıb. Rəsmi İrəvan da sülh müqaviləsini imzalamağa prinsip etibarilə razılıq versə də bu istiqamətdə heç bir əməli addımlar atmır. Bəli, prezident İlham Əliyev eyni zamanda, sülh danışıqlarının Brüssel formatında aparılmasında maraqlı olduğumuzu da vurğuladı. 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşdə çox əhəmiyyətli sənəd imzalandı. Görüşdə sərhədlər müəyyən edilərkən BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülməli idi. Bu bəyannamədə isə postsovet dövrü ölkələrinin sərhədlərini müəyyən edərkən 1991-ci ilə qədərki sərhədlər əsas götürülür. Yəni, həmin zamanda Qarabağ Azərbaycanın tərkibində idi. Ermənistan baş naziri Nikol Paşinyanın 6 oktyabrda qəbul edilən sənədi imzalaması Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını göstərmiş oldu. Prezidentin Brüssel formatını qeyd etməsi sülh prosesinə töhfə verəcək addımdır.

-Bəs, Ermənistan və Rusiya Brüssel formatına razılıq verəcəkmi?

– Ermənistan prinsip etibarilə Brüssel formatına etiraz etmir. Hətta maraqlı tərəfdir. Amma hər dəfə bu görüşlərə Fransanı dəvət etmək istəyir. Bu da bizim üçün qəbul edilməzdir. Prezident İlham Əliyev də baş tutması gözlənilən son görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakı səbəbi ilə imtina etdi. Çünki rəsmi Paris açıq-aşkar antiAzərbaycan mövqeyindən çıxış edir və Ermənistanın yanındadır.Rusiya isə görüşlərin Moskvada, Soçidə keçirilməsində maraqlıdır. Amma eyni zamanda Brüssel formatı ilə qəbul edilən qərarları tanıdığını və dəstəklədiyini vurğulayır. Hesab edirəm ki, Brüssel formatı uğurludur. Xüsusilə də Şarl Mişelin sülh danışıqlarına töhfə verməsi və bu istiqamətdə addımlar atmasını da Prezident İlham Əliyev yüksək qiymətləndirir.

-Digər tərəfdən Ermənistan baş naziri Nikol Paşinyan açıqlamasında Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsinə hazır olduqlarını bildirib. Sizcə Azərbaycan Ermənistanın təklif etdiyi bu görüşdə iştirak edəcəkmi?

– Bəli, Azərbaycan görüşlərdə iştirak edəcək. Sonuncu dəfə Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN tərəfindən keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasında məsuliyyət Ermənistanın üzərinə düşür. Hər hansı ölkədə keçirilən görüş sülh prosesinə töhfə vermək məqsədi güdürsə, Azərbaycan orada iştirak etməyə hazırdır. Ermənistan ikibaşlı oyunlar oynayır. Həm Moskva danışıqlarına hazır olduğunu bildirir, həm də sanki eyni səylə müharibəyə hazırlaşır. Yeni tip səngərlərin qazılması, Hindistan və İrandan silah-sursatın alınması, hərbi təxribatlara imza atılması dediklərimizi əsaslandırır. Xatırlatmaq istəyirəm ki, keçən ilin avqust ayında oxşar vəziyyət yaranmışdı. Atəşkəs pozulur, hərbi təxribatlara əl atırdılar. Bunun ardınca sentyabr ayında böyük bir toqquşma baş verdi. İndi də eyni ssenarini reallaşdırırlar.
Növbəti hərbi toqquşma üçün zəmin yaradırlar. Amma bu hallar həmişə Ermənistanın biabrçı məğlubiyyəti ilə nəticələnir. Əgər Ermənistan üçüncü Qarabağ müharibəsi niyyətindədirsə, bu onun üçün siyasi intihar olacaq.

//Safura Bənnayeva, Editor.az