“Azərbaycana qarşı davamlı olaraq təxribatlar törədən Ermənistanda hərbi birləşmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və sərhəd bölgəsinə əlavə hərbi qüvvə toplanması növbəti savaşa gətirib çıxarda bilər. İrəvan sərhəd bölgəsinə əlavə hərbi qüvvələr toplayır. Buna paralel olaraq, ABŞ səfirliyi öz ölkəsinin vətəndaşlarını savaşın başlaya biləcəyi ərazilərdən uzaq durmağa çağırır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, sözügedən variant region üçün olduqca təhlükəlidir:
“Cənubi Qafqaz sülh və sabitliyin bərqərar olacağı mərhələyə keçid ərəfəsində idi. Azərbaycan və Ermənistan arasında intensivləşən sülh danışıqlarında kifayət qədər ciddi nəticəyə nail olunmuşdu. Hər kəs sülh sazişinin imzalanacağı günün çox yaxında olduğunu düşünürdü. Avropalı müşahidəçilər isə növbəti dəfə Ermənistan siyasi dairələrinin ümidlərini puça çıxararaq silahlı toqquşma ehtimalı olan bölgəni tez-tələsik tərk edirlər. Hər bir halda Ermənistanı Azərbaycanın cavab zərbəsindən heç bir dövlət qoruya bilməz və Ermənistan daha biabırçı məğlubiyyətə məhkumdur. Açıq-aşkar göründüyü kimi, Azərbaycan sülh və sabitliyi seçir. Lakin bu o demək deyil ki, Ermənistanın bütün təxribatları cavabsız qalacaq. Əgər Ermənistan Azərbaycan əsgərini hədəf alacaqsa, mütləq ki bu cavabsız qalmayacaq”.
//Gülnarə Abasova, Editor.az

