“HƏMAS İsrailə hücum edərkən diqqətlər İrana yönəlmişdi. Bu da əbəs deyil”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov ABŞ-ın “Wall Street Journal”ının İranın HƏMAS-a İsrailə hücumu planlaşdırmaqda kömək etdiyini iddia etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, İran regionda HƏMAS, Hizbullah və digər bu kimi qruplaşmalara dəstək göstərməkdə davam edir:
“İran İsrail rejimini özünə əsas düşmən hesab edir. İsraili zəiflətmək, yox etmək üçün hər cür tədbirlərə əl atmaqdadır. İranla HƏMAS arasındakı münasibətlərdə 2011-ci ildən sonra müəyyən gərginlik yaşandı. Həmin vaxt Suriya böhranı baş verərkən rəsmi Tehranın “Əl Əsədi” dəstəkləməsi HƏMAS-la müəyyən gərginliyin yaranmasına gətirib çıxartdı. İran isə bundan sonra əsas dəstəyi Qəzzada yerləşən “İslam Cihadı” na yönəltmişdi”.
Politoloqun fikrincə, son zamanlarda İran və HƏMAS arasındakı münasibətlərdə canlanma müşahidə edilir:
“2023-cü ildə İran Xarici İşlər nazirinin Hizbullah və HƏMAS-ın yüksək səviyyəli nümayəndələri ilə görüşlər həyata keçirib. Bunun üçün İranın İsrailə qarşı yenidən HƏMAS kartından istifadə etmək qərarını verməsi istisna olunmur. Bir çox mütəxəssisin fikrincə, HƏMAS-ın İsrailə hücumu elə avqust ayında planlaşdırılıb. Burada da İranın rolu olub”.
S.Zahidov qeyd edir ki, Azərbaycan və İsrail arasındakı sıx əməkdaşlıq da İran rəsmilərini qıcıqlandıran faktorlardandır:
“İranın Yaxın və Orta Şərqdəki strategiyalarından biri də regionda müxtəlif əlaltılar vasitəsilə gərginlik yaradaraq öz maraqlarını təmin etməkdir. İsrail bəyan etdi ki, “Dəmir qılınc” əməliyyatının ilkin mərhələsi bitib. Bu mərhələdə İsrail ərazilərinin terrorçu qruplardan təmizlənməsi nəzərdə tutulurdu. İkinci mərhələ isə hücum mərhələsidir. Qəzzaya davam edən raket hücumundan sonra İsrail ordusu növbəti dəfə Qəzza zolağına daxil olacaq. Bu hal baş verərsə, Hizbullah və digər radikal qruplaşmalar İranın dəstəyi ilə İsrailə hücum edə bilər. Bu zaman İsrail iki cəbhədə vuruşmalı olacaq”.
Politoloq müharibənin gedişatına diqqət çəkib: “Əgər İsrail ordusu daha da irəliləyib Livana daxil olarsa, müharibənin genişlənməsi, hətta İranın da müəyyən hücum əməliyyatları keçirməsi istisna olunmur. Əgər İran hücuma daxil olarsa, ABŞ-ın da aktiv şəkildə hərbi əməliyyatlara daxil olması qaçınılmazdır. Bu da Yaxın və Orta Şərq üçün böyük müharibənin olacağından xəbər verir”.
//Safura Bənnayeva, Editor.az

