“Ermənilərin əsas məqsədi Azərbaycana qarşı əsassız iddialar irəli sürərək dünya ictimaiyyətinin gözündə nüfuzdan salmaqdan başqa bir şey deyil. Regionda və dünyada müəyyən qüvvələrə artıq məlumdur ki, təxribatçı addımların arxasında “humanitar yardım” və ya Qarabağda yaşayan ermənilərin yaşayış səviyyəsini yaxşılaşdırmaq dayanmır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Ermənistan və havadarlarının əsl niyyətinin sülh müqaviləsinin imzalanmasına əngəl törətmək və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesini pozmaqdır:
“Məhz bu baxımdan ermənilərin bu gün BMT TŞ-na həyasızcasına irəli sürdükləri bu məsələ təbii ki, məhz Azərbaycanın belə bir problemlərin fiqurantı olmasından başqa bir şey deyil. Əgər onları həqiqətən Qarabağda yaşayan ermənilər maraqlandırsaydı alternativ yollardan birini seçər və istədikləri “humanitar yardım”ları çatdırardılar. Ən azından Laçın yolu ilə gətirdikləri humanitar yardımı Azərbaycanla razılaşdırdıqdan sonra çatdırardılar. Onların nə Azərbaycan, nə də beynəlxalq qanunlara tabe olmamaları, eyni zamanda alternativ yollardan birini seçməmələri ona işarədir ki, ermənilər məhz öz məkrli addımları ilə öz aləmlərində Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışırlar. Çox təəssüf ki, bu məsələdə Ermənistana beynəlxalq səviyyədə yardım edənlər də var. Hesab etmirəm ki, sabah müzakirəyə çıxacaq məsələdə BMT TŞ-da Azərbaycana qarşı hər hansı bir qətnamə qəbul olunsun. Orda əldə olunacaq nəticə Qarabağda yaşayan ermənilərin vəziyyətini yüngülləşdirmək və ya onlara humanitar yükün çatdırılması üçün ermənilərdən müxtəlif yollardan istifadə etmələri barədə tələblərlə bağlı olacaq. Heç şübhəsiz ki, Azərbaycanın da bu məsələdə mövqeyi nəzərə alınacaq. Bundan sonra yalnız qərar qəbul olunacaq. Bu da ermənilərin hiyləgər məqsədləri ilə tələb etdikləri sonuncu qərar olacaq və bundan sonra onlar Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yollarının olmadıqlarını bir daha görəcəklər”.
Ə.İbrahimov Qərbin məhz Laçın yolunu dəstəkləməsinin Azərbaycana qarşı mövqe tutmasından irəli gəldiyinə diqqət çəkib:
“Bəlkə də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan dəqiq məlumatlı deyillər. Yəni, ola bilsin ki, 30 il bundan qabaq olduğu kimi Qərb yenə də məlumatı erməni tərəfindən dəqiqləşdirir. Onlara BMT TŞ-da bir sual ünvanlanacaq: Niyə siz Ağdam-Xankəndi yolunu istəmirsiniz? Bunu hər kəs başa düşür ki, əgər vəziyyət çətindirsə, humanitar yardım üçün istənilən yolu qəbul etməlisiniz. Bu, ermənilərin əl atdığı son cəhddir. Bu da onlar üçün nəticəsiz qalacaq”.
//Gülnarə Abasova, Editor.az

