“Azərbaycanın ekofəalları və vətəndaşları Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirərək Rusiya sülhməramlılarına, erməni separatçılara Azərbaycan torpaqlarında faydalı qazıntıların istismarı ilə bağlı monitorinq aparılmasına maneə yaradıldığı üçün etirazlarını dilə gətirirlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, artıq 3 gündür ki, bu proses davam edir: “ Bizim ilkin şərtimiz ondan ibarətdir ki, Volkov bu əməllərə görə hesabat versin, ekofəalların suallarını cavablandırsın və Azərbaycan nümayəndə heyətinin Xankəndiyə səfər etməsinə şərait yaradılsın. Xankəndi-Şuşa yolunu bağlayan rus sülhməramlılarıdır. Elə ilk saatlardan ağır texnikalarla gediş-gəlişin qarşısını alıblar. Neçə gündür ki, Volkov aksiyaçıların qarşısına çıxmır.Əgər proses bu formada davam edərsə, rus sülhməramlıların fəaliyyəti böyük zərər görəcək. Artıq sülhməramlıların mandatı ilə bağlı sual yaranmaqdadır. Çünki onlar öz fəaliyyətlərin nədən ibarət olduğunu unudub daha çox erməniləri müdafiə edirlər, erməni separatçılarının ərazilərimizdə silahlanmasına göz yumurlar”.
Deputat qeyd edir ki, Şuşa-Xankəndi yolu faktiki olaraq humanitar məqsədlə fəaliyyət göstərməlidir: “Təəssüflər olsun ki, sülhməramlılar bu yoldan məkrli niyyətlər üçün istifadə ediblər. Bu da narahatlığa səbəb olur. Həyata keçirdikləri cinayətlərin aşkara çıxmaması üçün monitorinqin keçirilməsinə mane olurlar.
Azərbaycan öz mövqeyində qətidir. Ekofəallar ekoloji terrorun dayandırılmasını tələb edirlər. Azərbaycan ərazisində hər hansı qazıntı işlərinin aparılması yalnız aidiyyəti qurumların icazəsi ilə mümkündür. Onsuzda 30 il müddətində torpaqlarımızda qanunsuz fəaliyyətlə məşğul olublar. Bugündən sonra isə biz buna göz yuma bilmərik və həmin proseslərin qarşısı alınmalıdır. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli şəxslər gec-tez reallığı dərk edəcəklər. Separatçılar tərəfindən istismar olunduqlarını anlayacaqlar. O torpaqlarda yaşamaq hüququ olan, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxslər əvvəl-axır rus sülhməramlılarına və separatçılara öz etirazlarını bildirəcəklər. Azərbaycan ərazilərindən qanunsuz erməni silahlıları çıxarılacaq. Volkov, Vardanyan və digəriləri bu ərazilərdəki fəaliyyətlərini dayandıracaqlar. Yekunda Azərbaycan ekofəalları öz istəklərinə çatacaq. Biz də torpaqlarımızda lazımi monitorinqi aparacağıq”.
//Safura Bənnayeva, Editor.az

