“Ermənistan Konstitusiyasında dəyişiklik edilərək ölkəmizə qarşı olan ərazi iddalarından rəsmi şəkildə əl çəkilməsi bizim dəyişilməz tələbimizdir. Məhz bu dəyişikliyin olacağı təqdirdə Ermənistanla sülh sazişi bağlaya bilərik. Bu tələbimiz icra olunmadığı təqdirdə sülhdən necə danışa bilərik?”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ana qanununda Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi kimi qeyd edib:
“Bunlar bir-birinə zidd məsələlərdir və ona görə də əgər sülh müqaviləsini rəsmiləşdirmək istəyiriksə, ölkələr bir-birinə səmimi münasibət sərgiləməlidir. Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklər edilərək sülh müqaviləsi imzalanarsa, “ermənilərin Azərbaycana qarşı ərazi iddialarının qarşısını alınacaqmı?” və “gələcəkdə müharibənin baş vermə ehtimalı qalacaqmı?”kimi bir sual meydana çıxır. Təbii ki, Ermənistan nə etsə də onun niyyətini heç vaxt tam dəqiq bilmək olmur. Ermənilər tarixən Azərbaycandan torpaq qopartmaq üçün fürsət axtarışında olublar. Hətta bu gün Ermənistan Respublikası da Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Ona görə də hətta sülh müqaviləsi imzalanacağı təqdirdə də biz fürsəti əldən verməməliyik. Bu gün Ermənistan həm sülhdən danışır, həm də uzaqmənzilli öldürücü silahlar alır . Əgər sülh istəyirsənsə, öldürücü silahlar niyə alırsan? Onlar yaxşı bilirlər ki, Azərbaycan onların ərazilərinə heç vaxt hücum etməyəcək və müharibəni birinci başlatmayacaq. Bunu bilə-bilə Ermənistan yenidən silahlanır. Bunun özü yenidən müharibənin baş vermə ehtimalını artırır. Ona görə də ordumuzun gücləndirilməsi yolunda işlər daima davam etdirilməlidir. Ordumuz suverenliyimizin qarantıdır. Həm də hərbi gücümüzün yüksək olması davamlı sülhün təminatçısıdır”.
//Gülnarə Abasova, Editor.az

