“Əgər Ukraynanın bu istəyinə icazə verilsə, Üçüncü Dünya Müharibəsi başlaya bilər”- ŞƏRHbackend

“Əgər Ukraynanın bu istəyinə icazə verilsə, Üçüncü Dünya Müharibəsi başlaya bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Xarkov vilayətindəki və cəbhənin digər hissəsindəki uğurları Ukraynanın Qərb silahlarından necə istifadə etməsi ilə bağlı müzakirələri qızışdırıb. Kiyevin Avropadakı bəzi müttəfiqləri getdikcə daha intensiv şəkildə  Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə hücuma icazə verilməsini tələb edir, digərləri isə bununla münaqişənin genişlənərək nəticədə nüvə müharibəsinə gətirib çıxaracağından  qorxurlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, Fransa, Polşa Ukraynanın Rusiyanın daxilinə zərbə endirməsinə tərəfdar olanlar sırasındadır:

“Amma təbii ki, burada ABŞ-ın mövqeyi həlledici rol oynayır. ABŞ hələ ki, qeyd olunan icazənin Ukraynaya verilməsinin əleyhinədir. Ağ Ev daxilində müzakirələrin aparılacağı ilə bağlı şayiələrə baxmayaraq, Dövlət Departamenti bu məsələ ilə bağlı siyasətinin hələ ki dəyişmədiyini vurğulayıb. Amma ona qarşı NATO-dakı müttəfiqlərin təzyiqləri Amerikanın geri addım ata biləcəyindən xəbər verir. Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib ki, Ukraynaya Rusiya ərazisindəki hərbi hədəfləri Qərb silahları ilə vurmağa icazə verilməlidir. “Biz hesab edirik ki, onlara raketlərin uçduğu, Ukraynaya hücum etdikləri yerdən hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik”, – Makron bildirib.

Almaniya mediası qeyd edir ki, NATO-nun aparıcı ölkələrindən birinin rəhbəri ilk dəfədir ki, Rusiyadakı hərbi hədəflərə qarşı Qərb silahlarından istifadəni bu qədər açıq şəkildə dəstəkləyir. Eyni zamanda, Makron aydınlaşdırdı ki, Ukrayna Silahlı Qüvvələri hələ də mülki və “digər” Rusiya hədəflərini vurmaq hüququna malik olmamalıdır.
Ukrayna istədiyi icazəni alarsa, bu müharibənin daha da genişlənərək yeni fazaya keçəcəyini deməyə əsas verir. Eyni zamanda Üçüncü Dünya Müharibəsinin başlanacağı ssenarisini də unutmaq olmaz. Rusiyada hesab edirlər ki, Ukraynaya Rusiyanın ərazisinin içərilərinə zərbə endirməyə icazə vermək elə NATO qüvvələrinin ona qarşı müharibəyə başlaması kimi qiymətləndirilməlidir. Məhz buna görə də Moskva özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”.

//Gülnarə Abasova, Editor.az