Əhməd Cavadın yurd yerinin son vəziyyəti- FOTObackend

Əhməd Cavadın yurd yerinin son vəziyyəti- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiqlal şairi Əhməd Cavadın Şəmkir rayonunun Mehrili kəndindəki yurd yeri baxımsız vəziyyətdədir.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Mehrili kəndində anadan olan şairin 10 yaşınadək yaşadığı həyətdə tikilən ev baxımsız haldadır. Şairin ata və anası ilə birgə yaşadığı digər tikililər isə tamamilə dağılıb. Ən qəribəsi isə odur ki, Əhməd Cavadın anadan olduğu Mehrili kəndində heç bir nişanəsi yoxdur. Kənddə şairin adına nə muzey, nə abidə və ya büst qoyulmayıb. Sanki Əhməd Cavad heç Mehrili kəndində dünyaya gəlməyib. Kənddə bu gün də Əhməd Cavadın qohumları yaşamaqdadır. Yaşı 70-i haqlayan İslam Əliyevlə söhbətləşirik. Deyir ki, repressiya illərində Əhməd Cavadla yanaşı həyat yoldaşı Şüküriyə xanım da həbs olunandan sonra onların övladlarını nənəsi saxlayıb.

“Nənəm Əhməd Cavadın uşaqlarını böyütdü. Şükriyyə xanım həbsdən çıxanadək uşaqlara nənəm baxıb. Bu gün Mehrilidə Əhməd Cavadın adına nə ev muzeyi var, nə büst nə də hər hansı bir nişanə var”,- deyə İ.Əliyev qeyd edir.

Mehrili kəndinin yaşlı sakinlərindən olan Sabir Əliyevin babası isə Əhməd Cavadın qonşusu olub. Bu gün də S.Əliyev şairin ata evinin yaxınlığında yaşayır. Onun sözlərinə görə, babası hər zaman Ə.Cavadla bağlı xatirələrini bölüşərdi.

“Hər dəfə xatirələrini bölüşən zaman kövrələrdi. Babam deyirdi ki, istər Bakıda, istərsə də Qubada yaşayanda Ə.Cavad Mehrili kəndinə gələrdi. Bu kəndin bir çox savadlı adamları vaxtı ilə Ə.Cavadın vəsaiti ilə təhsil alıb. Sonradan onlar müxtəlif vəzifələrdə çalışıb və tanınan adamlar olub.Təəssüf ki, bu kənddə onun adına heçnə yoxdur”,- deyə S.Əliyev bildirir.

Mehrili kəndində bir neçə kilometr yaxınlıqda Şəmkirin ən böyük yaşayış massivlərindən biri Seyfəli kəndi başlayır. Hansı ki sovet dönəmində Mehrili kəndində məhz Seyfəli kəndinin nəznində olub. Seyfəli kəndinin qəbristanlığında Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanımın, iki oğlu Tuqay və Aydının, həmçinin şairin gəlinin məzarları var.

//İlham, Editor.az