“7 oktyabrda HƏMAS və İsrail arasında başlayan toqquşmaların xronikasına baxdıqda açıq şəkildə görünür ki, son 3 gündə bölgədə vəziyyət tamamilə dəyişib”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı münasibət bildirərkən analitik jurnalist Kazım Kazımov deyib.
Onun sözlərinə görə, ilk həftələrdə əsasən qarşılıqlı hava hücumları daha çox gözə çarpırdısa son 3 gündə quru döyüşlərinin şiddətləndiyini görmək olar:
“Üç gün bundan əvvəl İsrail şimal-qərb və şimal-şərqdən, eyni şəkildə Qəzza zolağının mərkəzindən iki istiqamətdə quru əməliyyatı başlatdı. Son 24 saatdakı vəziyyətə baxdıqda görürük ki, İsrail qoşunları mərkəzdən çox sürətlə irəliləyərək, Qəzza zolağını ortadan ikiyə ayırıb. Lakin bu o demək deyil ki, Qəzzada hərbi əməliyyatlar bir neçə gün içərisində sona çatacaq. Çünki HƏMAS əsasən şəhərdə döyüş taktikası ilə hərəkət edir. Belə ki, HƏMAS onsuz da ətrafındakı açıq ərazilərin və Qəzzanın ətəyindəki ərazilərin tezliklə mühasirəyə alınacağını yaxşı bilirdi. Buna görə də HƏMAS şəhər döyüşlərinin başlamasını istəyir. Təbii ki, HƏMAS-ın bu taktikasından İsrailin də xəbəri var. İsrail əvvəlcə Qəzzanı halqaya alıb, daha sonra şiddətli döyüşlərə keçmək niyyətindədir”.
K.Kazımov qeyd edib ki, Qəzza döyüşlərinin asan olacağını demək çətin olar. Çünki həm İsrail, həm də HƏMAS ciddi şəkildə bu proseslərə hazırlaşıb. Qəzza şəhərinin içərisində 10 minlərlə döyüşçünün olduğu ifadə edilir. Digər tərəfdən də İsrail 600 min əsgərini bu əməliyyatlar üçün səfərbər edib.
Qəzza döyüşlərinin uzanması Livan, Suriya, İordaniya, Misir və digər ərəb ölkələrinin bu prosesə aktiv şəkildə daxil olmasına səbəb ola bilər. Bütün bunların qarşısını almaq üçün ABŞ prezidenti çalışır ki, atəşkəs elan edilsin. Çünki dünyanın bir çox yerlərində olan münaqişələrdən sonra Şərqdə onsuz da var olan münaqişənin daha da qızışmasını heç kim istəmir. Buna görə də bir çox dövlətlər atəşkəs əldə olunması üçün çalışır. Əks təqdirdə qlobal müharibə başlaya bilər, bu isə heç kimə sərf etmir”.
//Səbinə Hüseynli, Editor.az

