“Bu gün üçün Azərbaycanın xarici siyasətinin əhəmiyyəti indiyə qədər olmadığı dərəcədə vacib bir elementə çevrilib. Böyük dünya güclərinin maraqlarının toqquşduğu bir regionda yerləşən Azərbaycanın apardığı uğurlu xarici siyasət onu bu güclərin arasında qalmaqdan xilas edə bilər”.
Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib.
O, bildirib ki, 44 günlük müharibənin beynəlxalq arenada yaratdığı reaksiyaları unutmaq olmaz:
“Uzun illərdir ki, Azərbaycanın apardığı xarici siyasətin bir çox sahələrini çox zəif görürdüm. Bu sahəyə cavabdeh olan XİN –nin fəaliyyəti aşağı səviyyədə idi. Əksər ölkələrdə olan səfirlərimiz öz işlərindən başqa hər işlə məşğul idilər. Hansı ki , Azərbaycanın beynəlxalq aləmlə münasibətləri bir başa onlardan asılıdır. Yeni nazir gələndən sonra bu sahədə geniş səviyyədə dəyişikliklər olunacağına ümid yaranıb. Yaxın gələcək bunu göstərəcək”.
Ekspertin sözlərinə görə, xarici siyasətdə müxtəlif sahələr üzrə paralel şəkildə görüləcək işlərin müsbət nəticələri olur:
” Bu gün ayrı ayrı dövlətlərlə diplomatik münasibətlərin yüksək səviyyədə qurulması vacibdirsə, beynəlxalq təşkilatlarla intensiv işləmək də bir o qədər vacibdir. Xüsusilə , ölkəmizə qarşı qərəzi olan təşkilatlarla yaxud dövlətlərlə bütün vasitələrdən istifadə etməklə intensiv iş aparılmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, beynəlxalq təşkilatlarla işləmək tək iqtidarın vəzifəsi deyil. Bu təşkilatlarla bir başa əlaqəsi olan siyasi partiyalar, fərdlər, hətta QHT-lər belə öz növbəsində çalışmalıdır.Buna isə rəsmilər nəinki mane olmalı , əllərindən gələn köməkliyi göstərməlidir, ümümmilli məsələlərdə işlərini koordinasiya etməlidirlər. Müxtəlif siyasi, ideoloji baxışları olan təşkilatların, insanların beynəlxalq təşkilatlarda eyni maraqlardan çıxış etməsi vacibdir. Bu ümummilli məsələlərdə üstümüzə gəlmək istəyən xarici gücləri də neytrallaşdıra bilər. Bu sahədə də işlər hələ ki qaydasında deyil. İndiyədək ən yaxşı halda az saylı təşkilatlar öz istədiyi şəkildə koordinasiya olunmayan fəaliyyət göstəriblər. Bəlkə də bu səbəbdən idi ki, beynəlxalq təşkilatlarla öncədən yaxşı işlənilmədiyindən 44 günlük müharibə dövründə onların bir çoxunun əleyhimizə bəyanatlarının şahidi olduq. Həmin təşkilatlara tutarlı cavabı isə Ölkə Prezidenti özü verirdi. Çünki bu sahəyə cavabdeh müvafiq qurumların uzun illər yarıtmazlığı onu bu addımı atmağa məcbur etdi”.
//Gülnarə Abasova, Editor.az

