Ekstrasenslər zəlzələ ilə bağlı əhalini daha da qorxudurbackend

Ekstrasenslər zəlzələ ilə bağlı əhalini daha da qorxudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə ilə qanımız, canımız eynidir, qardaş ölkənin başı sağ olsun. Orada baş verənlər bizi özümüz qədər incidir. Bütün dualarımız onlarladır. Digər tərəfdən, məlumatlar internet üzərindən çatdırıldığına görə, bu gün insanlarda informativ stress yaranıb. Hər kəs, xüsusən də hündürmərtəbəli binalarda yaşayanlar xəbərlərdən sonra narahat olmağa başlayıb…”

Bu sözləri psixoloq Aytən Ələkbərova deyib. O, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ölkəmizdə də insanların təşvişə düşdüyünü bildirib:

“İnsanlar “sizdə nə isə varmı?” adı ilə gəlib söhbət etmək istəyirdilər ki, bir az rahatlıq tapsınlar. Seysmoloji xəbərlərə əsasən, bizdə belə təhlükə görünmür.

Lakin tez-tez sosial şəbəkələrdə ekstrasenslərin məsələ ilə bağlı çıxışlarını görürük, onlar “mən bunu demişdim” – deyə çıxışlar edirlər. Hadisə hələ baş verməmiş ekstrasenslər “Dəhşətli olaylara hazırsınızmı?” kimi çıxışlar edirdilər. Mən özüm psixoloq olsam da bu çıxışları ötürdüm, dinləmədim. Amma gəlin görək hər kəs bunu edə bilirmi? Yox, əsla. Bu qorxunun yaranması ani bir şeydir. İnsan dərhal panikaya düşə bilir. Hansısa ölkədə baş verən təbiət hadisəsi o demək deyil ki, bu, mütləq bizdə də baş verəcək. Azərbaycanda müxtəlif illərdə olan zəlzələləri yada salsaq görərik ki, ölkəmizdə o qədər də böyük fəlakət yaşatmayıb”.

A.Ələkbərova yayılan informasiyalardan sonra qorxu yaşayan insanlara maarifləndirici məqalələr oxumağı tövsiyə edib:

“İnsanlar bunu dərk etməlidirlər ki, bizim torpaqlar seysmoloji zonaya aid deyil. Türkiyə inkişaf etmiş ölkə olsa da bu gün orada binaların çökməsi torpağından asılıdır. İnsanlar ilk olaraq bunu araşdırmalıdırlar. Mən bunu dəqiq deyə bilirəm, çünki ilk ixtisasım iqtisadçı-şərqşünasdır. Mən yaxın Şərq ölkələrinin tarixini və coğrafiyasını dərindən öyrənmişəm. Coğrafiyanı dərin bildiyimə görə deyə bilirəm ki, bizim torpaqlarımızda qorunma var. İnşallah ki, belə zəlzələlər bizdə olmayacaq. İnsanlar informativ stressi özlərinə çəkib neqativ enerjini qəbul etməsinlər. Bu gün seanslarda bir neçə nəfər deyib ki, Aytən xanım, evimdə pişik var, mən o pişiyi nəzarətdə saxlamışam. İtin ulaması, pişiyin narahatlığı zəlzələnin xəbərçisi ola bilər. Deməli, artıq insanlarda bu qorxu yaranıb ki, ev heyvanlarına belə yanaşırlar.

Bunları etməksənsə, coğrafiyamızı açıb oxusaq təhlükənin olmadığını başa düşərik. İnsan özünü sakitləşdirmək üçün bir sıra üsullar seçir, gərək bu gün bizim coğrafiyaşünaslarımız, seysmoloqlarımız bu barədə danışsın, mətbuatda pozitiv açıqlamalar getsin ki, insanlar panikaya düşməsinlər, ara insanlarının sözünə uyub stress yaşamasınlar. Onlar bu cür informasiyaları oxusalar əmin olun ki, həmin stress anındaca yox olacaq.

Bizim bir müəllimimiz var idi, “Yaxın Şərq ölkələrinin coğrafiyası” adlı kitab nəşr etmişdi. O vaxt bu kitabı oxuyanda mən müəllimə məhz bu barədə sual vermişdim ki, bizim ölkəmizdə digərlərinə nisbətən zəlzələnin az olma səbəbləri nədir? O mənə bunu tam izah etmişdi. Bu gün mən həmin məlumatları yadıma salaraq 9-cu mərtəbədə rahat yata bilirəm. Mən rahat yatmışamsa, hər kəs mütaliə ilə bunu edə bilər. Hər şey yaxşı olacaq”.

Yenisabah.az