Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların aydınlaşmasına ehtiyac var”backend

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların aydınlaşmasına ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Müdafiə nazirinin müavininin Azərbaycan ərazilərinə gəlməsi, bir sıra açılışlarda iştirak etməsi şübhəsiz ki, heç bir Azərbaycan vətəndaşının ürəyincə deyil’’.

Bu sözləri Editor.az -a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, bu cür addımlar Rusiya sülhməramlılarının Qarabağ ərazisindəki missiyasına, bütövlükdə isə BMT-nin sülhməramlılara bağlı qətnaməsinin prinsiplərinə uyğun gəlmir: “10 noyabr bəyanatında Sülhməramlıların missiyası haqqında söhbət getsə də, onların fəaliyyətinin istiqamətləri və sərhədləri konkret müəyyənləşdirilməyib. Belə hallarda adətən onların fəaliyyəti BMT-nin sülhməramlıların missiyası haqqında ümumi prinsiplərinə uyğun şəkildə formalaşmalıdır”.

Elçin Mirzəbəylinin sözlərinə görə, bu prinsiplərdə birinci amil kimi onların tərəfsizliyi əsas götürülür: “İkinci əsas prinsip isə sülhməramlıların xidmət etdiyi ərazilərdə həmin dövlətin suverenliyinin qorunması və qüvvədə olan qanunlarının işlənməsinə bilavasitə səy göstərməsidir. Qeyd olunan prinsiplər çərçivəsində sülhməramlıların qanunlara zidd fəaliyyəti, müxtəlif şəxslərin qeyri-qanuni olaraq əraziyə daxil olmasına göz yumması doğru deyil. Bu baxımdan missiya ilə bağlı bir sıra detalların aydınlaşmasına ehtiyac var və onların fəaliyyətinin hüquqi sərhədlərinin daha konkret cızılması lazımdır”.

//Gülnarə Abbasova, Editor.az