“Yıxılana balta çalmazlar”, “Bu sözləri o vəzifədə olanda deyəydiniz”, “İndi hamı onu tənqid edir – bu, kampaniyadır”.
Yüksək vəzifəli, tanınmış, cəmiyyətdə bu və digər yolla əldə etməyə çalışdığı çəkisinin olduğunu zənn edən istənilən məmur vəzifəsindən kənarlaşdırılanda az öncə yazdığım ifadələr dərhal səslənir.
Həmin məmur barədə cinayət işi qaldırılanda isə müdafiəçilər səf tuturlar, öz aləmlərində amansız hücumları dəf edirlər, mənəviyyatlı və siqlətli davranırlar, başqalarına yaşam dərsi verirlər.
Yəni bir sözlə, az qala ozan əbasını geyərək əxlaq təliminə başlayırlar.
Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada artıq sabiq səfiri Eldar Həsənovla bağlı indiki vəziyyət də sanki davranışlara əsasən şüurun bəlirləndiyi sosial matrisə çevrilib.
Eldar Həsənova qarşı cinayət işi açılıb, istintaq davam edir.
İstintaq bitmədiyindən, onun barəsində emosional məcrada nə isə yazmaq, nədəsə suçlamaq və ya bilaəks, əməllərinə bəraət qazandırmaq məntiqsizlik olardı.
Fəqət bu sadə gerçək çoxlarına əyan deyil və ifrat mürəkkəb məqam təsiri bağışlayır.
Xüsusilə də peşəsi obyektivlik, dürüst və qərəzli olmağı tələb edən jurnalist aşkar tərəf tutursa, bu, artıq söz və ifadə azadlığı yox, sözlərlə kiminsə müdafiəsinə durmaqdır.
Sabiq millət vəkili, əməkdar jurnalist Əlövsət Ağalarov da, səd heyf, özü üçün artıq tərəf bəlirləyib.
O, Facebook-dakı profilində “Sabiq səfir Eldar Həsənovun tərəfdarı” təqdimatı ilə geniş yazı-müraciət dərc edib.
Yazını geniş şərh etməyə lüzum görmürəm, çünki E.Həsənovun müdafiəsinə qalxan adamların istisnasız olaraq, hamısının söylədikləri sözlər, yazdıqları kəlmələr, eyni lüğət, eyni fikirlər, təşbehlər, məcazlar və ilaxırdır.

Marağımı, sadəcə, bir məqam cəlb etdi.
Ə.Ağalarov öz aləmində E.Həsənovun necə müdrik, ağayana, eyni zamanda şəfqətli və humanist insan olduğunü xüsusilə qabardaraq həmin məcazları xitab etdiyi adamların nəzərində önə çəkərək bir əhvalatdan bəhs edir.
O əhvalatın, gerçəkdən də, olub-olmadığını bilmirəm və iddianın məsuliyyəti müəllifin, yəni Ə.Ağalarovun boynundadır.
Xüləs, müəllif buyurur ki, “indi Eldar müəllimə hürənlərdən biri” – Ə.Ağalarov mövqeyinə müxalif olanları məhz belə adlandırır – Monteneqroya öz katibəsini aparırmış.
Eyni uçaqla gedən səfirlik əməkdaşlarından biri bu gədənin məşuqəsiylə birlikdə şəklini çəkir və Eldar müəllimə göstərir ki, Mərkəzə göndərsin. Kişiyanə hərəkətləriylə hər zamankı kimi tanınan Eldar müəllim həmin əməkdaşın telefonunu alır və şəkli silir. Deyir oğlum, bu, kişiliyə yaraşmayan mübarizə metodudur. Əhəmiyyət vermə… O şəkil isə, yəqin ki, mövcuddur”, – qəzəbnak olmuş cənab müəllif buyurur.
Ki, sonradan, “zərurət yarandığı təqdirdə”, təzyiq vasitəsi kimi istifadə olunsun.
Buna kompromat yığmaq deyirlər və E.Həsənovu müdafiə edənlərin istisnasız olaraq, hamısı onun vətənpərvər, müdrik, savadlı və s. şəxs olduğunu fasiləsiz vurğulamaqla yanaşı, iki məqamı qabardırlar:
1. E.Həsənov maddi cəhətdən çox imkanlı idi, çünki “pulunu Vətənin təbliğinə xərcləyirdi”.
2. E.Həsənov “çox şeyi bilir, amma demir, fəqət zərurət yaransa, biz deyə bilərik”.
Belədə, qayət bəsit suallar yaranır:
1. Eldar Həsənov dövlət məmuru idi, əvvəl baş prokuror, sonra səfir işləyib. Yəni iş adamı olmayıb, leqal biznes fəaliyyəti ilə məşğul olmayıb. Belədirsə, onun “çox imkanlı” olmasının qanuni mənbələrini, qazandığı pulların mənşəyini bilmək olarmı?
2. Eldar Həsənovun nələri bilməsindən cüzi şəkildə olsa belə, agah olmaq üçün sabiq səfirin həmin məlumatların kiçik hissəsini “mən bilirəm” deyən adamla və adamlarla paylaşması gərəkdi. Belə paylaşma, məlumatlandırma olubsa, deməli, sabiq səfir özünə “sadiqlər şəbəkəsi” yaradıb iddiasını səsləndirmək olarmı?
3. Və ən nəhayət: “yıxılanı baltalamazlar” və ilaxır tipli süni, psevdoemosional ricətlər məntiqsizdir. Yıxılan dövlətin maraqlarının bir parasını yıxa biləcək əməllər edibsə, onun işi niyə araşdırılmamalıdır və cəmiyyət, yəni vətəndaşlar niyə fikrini bildirməməlidir?
… Qanunun üzü sərtdir və ikili standartlara, hisslərə köklənmiş tövsiflərə yol vermir.
Eldar Həsənov baş prokuror olarkən həmişə qanunun aliliyindən, cinayətin cəzasının qaçılmazlığından danışıb.
Ona olan hisslər obyektivlik məqamının itməsinə və yaxud gözlərinin çıxarılıb kor vəziyyətdə bir kənara atılmasına səbəb olmamalıdır.
İstintaq gedir, qarşıda məhkəmə var.
Gedişata və məhkəməyə inamsızlıqlarını dolayısı ilə vurğulayanlar isə unutmasınlar ki, Eldar Həsənov vəzifədə olarkən hamımızı Azərbaycanda istintaqla məhkəmələrin ədalətinə əsla şübhə etməməyə çağırırdı.
Belədirsə, Eldar Həsənovu müdafiə edənləri quşqulandıran, onları hiddətlənməyə və qəzəblənməyə vadar edən nədir?
Elçin Alıoğlu
Milli.Az

