“Əsirlərimizin geri qaytarılması sevindirici xəbərdir”.
Bu sözləri Editor.az-a Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı danışarkən politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, əsirlərin qaytarılması Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində mümkün olmuşdur:
“Ümumiyyətlə isə əsirlərin qarşılıqlı olaraq azadlığa buraxılması və eləcə də digər etimad tədbirlərinin elan edilməsi mühüm siyasi addımdır. Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi də tərəflər arasında xoş niyyətin təzahürü kimi qəbul oluna bilər.
Xüsusilə də indiki mərhələdə yəni, tərəflərin sülh müqaviləsi, sərhədlərin delimitasiyası və iki ölkə arasında münasibətlərin normallaşdırmaq üzərində işlədiyi bir vaxtda bu addım sözsüz ki, etimadın möhkəmləndirilməsinə təsir göstərəcək.
Önəmli məqamlardan biri də bu razılaşmanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunması və heç bir üçüncü ölkənin vasitəçi qismində çıxış etməməsi ilə bağlıdır. Bu şəkildə qərarların qəbulu bir daha Azərbaycan tərəfinin vasitəçi olmadan danışıqlar formulunun əhəmiyyətini sübut edir və bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilər və xarici təsirlər olmadan tərəflərin bu və ya digər məsələ ilə bağlı daha tez razılaşma ehtimalı daha böyükdür.
Bu razılaşmada ən önəmli məqamlardan biri də Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin razılşmadan kənarda tutulması ilə bağlıdır.
Sözsüz ki, əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ümidlərini artırır. Məlumdur ki, Azərbaycanın beş baza prinsip əsasında təklif etdiyi sülh sazişinə Ermənistan tərəfi də artıq öz təkliflərini təqdim edib. Odur ki, indi əsas məsələ Ermənistanın nəhayət ki, sözün əsl mənasında kənar təsirlərlə deyil, müstəqil qərar qəbul etməsinə bağlıdır. Əgər Ermənistan bunu bacaracaqsa, kənar oyunçuların maraqlarından deyil, Ermənistanın maraqlarından çıxış edəcəksə, o zaman sülh Sazişinin bağlanmasında da hər hansı problem olmayacaq.
Sülh üçün ilkin şərtlər artıq var və bundan sonra təmasların intensivləşəcəyi də şübhə doğurmur. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə qədər sülh sazişinin imzalanması istiqamətində mühüm addımlar atılacaq”.
//Səbinə Hüseynli, Editor.az

