Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə QOPARTMAQ İSTƏYİR- Millət vəkilibackend

Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə QOPARTMAQ İSTƏYİR- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İş adamlarının əsas problemi qanuni və ya qanunsuz yoxlamaların dayandırılması deyil. Ölkədə biznes mühitinə olan inamdır. Bizim sahibkarlar azərbaycansayağı məsələlərə onsuz da öyrəşiblər. Kim işləyirsə, pis-yaxşı dırnaq içərisində “qaydalar”a uyğun işləyəcək, amma uzunmüddətli kapital yatırımı etməyəcək. Çalışacaq ki, bu gün yatırım etsin, sabah isə gəlir götürsün. Bu da sabaha olan inamsızlıqdan irəli gəlir”.

Editor.az xəbər verir ki bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.

Razi Nurullayev sahibkarlıqla bağlı bir sıra maraqlı məqamlara da toxunub:

“Hətta, dünən bir nəfər yaxşı tanıdığım şəxs mənə dedi ki, bir yaxın dostu 10 milyonluq iş görür və buna görə 10 milyonluq yatırım edib. 10 milyonluq yatırımın 2 milyonunu alıblar ki, sənə gəlirli sahə üzrə şərait yaratmışıq. Ad çəkmirəm, çünki, o şəxslərin də sabah üz-üzə gələndə sözlərindən qaçmayacağına əminliyim yoxdur. Etibar edib deyiblər, amma mən burada olmasa da ayrılıqda bu faktı bölüşə bilərəm. Bizim üçün xarici sərmayəçiləri cəlb etmək lazımdır. Onlar isə gəlmək istəmir. Gəlmək istəyənlərin və yaxud gələnlərin əksəriyyəti azərbaycansayağı işləmək istəyənlərdir. Nədən bilirəm? Çünki, onlarla xarici biznesmen mənə yaxınlaşıb və qeyri-qanuni yollarla işləmək istədiyini deyib. Çoxunu da bizim pul ilə işləmək və qazanmaq maraqlandırır. Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə qopartmaq istəyir. Bizə isə belələri yox, uzunmüddətli sərmayə qoyan iş adamları maraqlı olmalıdır. Onlar maraqlı olsunlar ki, bu ölkəyə pul yatırıb pul qazanacaqlar. Maraqlı deyillər, çünki, bizim qaydalarımız onlar üçün şəffaf, proqnozlaşdırıla bilən və təhlükəsiz deyil. Neft və qaz şirkətləri niyə gəldilər və on milyardlarla vəsait xərclədirlər? Çünki, onların yatırımı bizim qanunlarla qorunmur, onlar burada öz qanunları ilə işləyirlər və işə başlayandan sonra heç kim onlara bizim qaydalar üzrə diktə edə bilmir. Ona görə də xarici sərmayədarları bu ölkəyə cəlb etmək üçün hüquqi addımlar atılsın. Gözəl danışmağı, rəngli kağızlarda, gözoxşayan rənglərlə təqdimat etməyi bütün vəzifəli şəxslər gözəl bacarırlar. Amma, bu parlaqlığın arxasında yüzlərlə qaranlıq məqamlar var və onlar imkan vermir ki, xarici iş adamları qeyri-neft sektoruna ciddi yatırımlar etsinlər”.

//Gülnarə Abasova, Editor.az