Elektron xidmətlərin əhəmiyyəti və səviyyəsi: Göstərilən xidmətlər bizi qane edirmi?backend

Elektron xidmətlərin əhəmiyyəti və səviyyəsi: Göstərilən xidmətlər bizi qane edirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Son illər ölkəmizdə informasiya və telekomunikasiya texnologiyaların inkişafı istiqamətində xeyli işlər görülüb. Dövlət qurumları tərəfindən vətəndaşlarımıza, informasiya və e-xidmətlərin göstərilməsi məqsədilə ölkədə “Elektron Hökumət” portalı tətbiq edilib. “Elektron hökumət” bir sıra məsələlərin həllində vətəndaşların işini asanlaşdırmaqla yanaşı, dövlət qurumlarının göstərdiyi xidmətlərdə şəffaflığın təmin edilməsində də mühüm rol oynayır.

Maraqlıdır, dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlər arzuolunan səviyyədədirmi?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə “Elektron hökumət” layihəsi uzun illərdir, Azərbaycanda həyata keçirilir:

” İnformasiyaların bir mərkəzdən idarə olunması vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün elektron hökumət layihəsi daha da inkişaf etdirilir. Biz ilk olaraq “asan xidmət” modelini xüsusi diqqətə çəkməliyik. Bu, bir çox sosial xidmətləri bir arada vətəndaşlara təklif edən  mərkəzdir. Bu gün əksər dövlət qurumlarının verdiyi xidmətlər vahid mərkəzdən idarə edilir. Bu, vətəndaşların vaxtına qənaətini və rahatlığını təmin edir. Xatırlayırsınızsa, 15 il bundan öncə bir sürücülük vəsiqəsini dəyişmək üçün günlərlə vaxt sərf olunurdusa, bu gün artıq lazımı sənədlərin təqdim edilməsindən sonra növbə əldə edərək ən gec yarım saat ərzində sürücülük vəsiqəsi əldə edilir. Eyni qayda şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun əldə olunması və digər xidmətlərə də aiddir”.

Millət vəkilinin sözlərinə görə, vətəndaşlar “myGov” portalı vasitəsilə dövlət qurumları tərəfindən verilən məlumatlarla tanış olur, xidmətlərə elektron  qaydada müraciət edə bilir:

“Hətta biz bu gün elektron etibarnaməni belə asanlıqla əldə edə bilirik. Bütün bu məlumatlar vahid mərkəzdən idarə olunur. Bir sözlə, bu gün hər bir Azərbaycan vətəndaşı özünəməxsus məlumatları asanlıqla bir mərkəzdən əldə edə bilər. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması ilə bağlı  daim mühüm işlər görülür. Vətəndaşları  narahat edən ciddi məsələlərdə biri internetin sürəti ilə bağlıdır. Xüsusilə pandemiya dönəmində ölkədə eyni anda əksər insanın internetə qoşulması nəticəsində  bununla bağlı  bir sıra problemlər ortaya çıxdı. Düşünürəm ki, çox vacib olan internet probleminin həlli ilə bağlı aiddiyyatı qurumlar tərəfindən tezliklə ciddi işlər görüləcək. Bu gün təhsil sahəsində də məktəblər və universitetlərlə bağlı bir çox məsələlər elektron qaydada  həyata keçirilir. Lakin uşaq bağçalarına qəbul mərkəzləşdirilmiş sistemdə həyata keçirilmir və bu da müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır. Çalışmalıyıq ki, elektron hökumət bütün sahələri əhatə etsin və vətəndaş məmnunluğu maksimum səviyyəyə çatsın. Ümumilikdə isə  Azərbaycan dövləti tərəfindən həyata keçirilən “Elektron hökumət” layihəsinin icrasını müsbət   qiymətləndirirəm və ümid edirik ki, zamanla vətəndaşlara göstərilən elektron xidmətlərin sayı daha da genişləndiriləcək”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a bildirib ki, artıq dövrün tələbinə uyğun olaraq hökumət rəqəmsal fəaliyyətə keçidi daha üstün tutur:


“Düzdür, bunun üçün əvvəlcə cəmiyyətdə adaptasiya prosesi getməlidir. Müasir dövrün çağırışlarına uyğun olaraq rəqəmsallaşma Azərbaycan üçün də əsas trendlərdən biridir. Son illərdə elektron hökumətin inkişafı yönündə olduqca zəruri layihələr həyata keçirilib. Məhz görülən işlərin nəticəsidir ki, pandemiya dövründə bir çox idarə və müəssisələr elektron fəaliyyət göstərdilər. Bildiyimiz kimi, bütün dövlət qurumlarının elektron sistemi var. Ən vacib məsələ bu qurumlar arasındakı koordinasiyanın düzgün qurulması və əlaqələndirilməsidir. Bu zaman vətəndaşın da işi asanlaşmış olacaq. Artıq insanlar idarələrdə vaxt itirmək istəmir. Elektron şəkildə aparılan rəqəmsallaşmış fəaliyyət operativliyə nail olmağı şərtləndirir. Düşünürəm ki, elektronlaşmada regionlar üzrə mühüm lahiyələr həyata keçirilməlidir. Regionlar üçün də rəqəmsal xidmət əlçatan olmalıdır. Mərkəzdən uzaqda yerləşən regionlarda da elektronlaşma sürətləndirilsə, artıq elektron hökumət xidməti istənilən nəticəni göstərəcəkdir. Burada vacib məqamlardan biri də vətəndaşların rəqəmsal xidmətlə bağlı maarifləndirilməsidir”.

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz  Editor.az-a açıqlamasında bildirib ki, son illərdə aparılan müşahidələrə əsasən dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətində müsbətə doğru xeyli dəyişikliklər var:

“Göstərilən elektron xidmətlərlə bağlı reqlamentlər, məlumatlar və xidmətin əldə olunması ilə bağlı informasiyalar “Elektron hökumət” portalında yerləşdirilir. Ümumiyyətlə, elektron xidmətlərin keyfiyyəti istiqamətində xeyli addımlar atılır. Lakin bu müxtəlif dövlət qurumlarının göstərdiyi xidmətə görə dəyişir.  Bəzi dövlət qurumlarının verdiyi elektron xidmətlə bağlı  vətəndaşlar problemlər yaşamaqda davam edir. Bəzən vətəndaş elektron xidməti əldə etmək üçün sayta daxil olanda prosesi sonacan başa çatdıra bilmir, və ya elektron xidmətin əldə edilməsi ilə bağlı  kifayət qədər məlumatlandırılmır. Bəzən axtardığımız xidmət dövlət qurumunun saytında qeyd edilsə də, portalda tapa bilmirik. Bu kimi bir çox problemlər tezliklə aradan qaldırılmalıdır. Düşünürəm ki, insanların xeyli hissəsi smartfon istifadə edir və hökumət də bütün xidmətləri mobil texnologiyanın üzərinə gətirə bilər. Məsələn Ədliyyə Nazirliyi yüksək səviyyədə və çox asan istifadə edilə bilən “mobil “ həlli hazırlayıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi  “Smart customs” mobil xidmətindən də vətəndaşlar yüksək səviyyədə yararlana bilirlər. Bu kimi bir sıra dövlət qurumları bəzi məsələlərin mobil həllərini hazırlayıb və insanlar bundan istifadə edərək vaxta qənaət edir. Elə qurumlar da var ki, bu kimi problemlərə qətiyyən diqqət yetirmirlər.  Kütləvi istifadənin olduğu dövlət qurumlarında mütləq şəkildə mobil tətbiq  təşkil edilməlidir”.

İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas isə Editor.az-a bildirib ki,  elektron hökumət sahəsində son illərdə çox ciddi inkişaf qeydə alınır:

” Bu istiqamətdə Estoniya modeli tətbiq olunmağa başlanıb. Sənəd dövriyyəsinə rəqəmsal dövlətə keçid konsepsiyaları tətbiq olunur. Pandemiya dövründə isə bu proses ikiqat sürətləndi. Buna səbəb  birbaşa rəqəmsal xidmətlərin artırılmasıdır. İstifadəçinin elektron hökumətə qoşulmasında identifikasiyanın asanlaşdırılması bu istiqamətdə işləri daha da sürətləndirdi. “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilən əməliyyatlarda xidmətlər genişləndirilir. Təbii olaraq bu sahədə bir sıra boşluqlar  mövcuddur. Bəzi dövlət qurumları  elektron xidmət göstərsə də, hələ də növbədə duran vətəndaşlar görmək mümkündür. Lakin nəzərə almaq lazımdır ki, rəqəmsal transformasiya prosesi zaman alan prosesdir. Hətta özəl sektorun da bu prosesə dəstəyi var. Banklar artıq rəqəmsal bank xidmətləri təqdim etməyə başlayıblar.  Bu da istifadəçilərin işini daha da asanlaşdırır. Düşünürəm ki, ölkəmizdə bu uğurla tətbiq olunur və zamanla mövcud boşluqlar aradan qaldırılacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Loading...