18 yaşlı Elgün İbrahimovun qətli ilə bağlı hadisənin yerli televiziyalarda şou formatında müzakirəyə çıxarılması cəmiyyətdə narazılıq doğurub. Məsələn, bir neçə gündür, “Bizimləsən” verilişində oxşar proses müşahidə olunur. Bildirilir ki, bu addım həm ailənin, həm də ictimaiyyətin psixoloji vəziyyətini nəzərə almadan atılır və reytinq naminə edilir.
Cinayət hadisələrinin bu cür televiziya proqramlarında müzakirəyə çıxarılması nə dərəcədə doğrudur?
Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, yerli kanallar bəzi məsələlərin müzakirəsində çox həssas davranmalıdırlar:
“Heç bir halda “tolk şoular”da konkret qətl hadisəsi detalları ilə müzakirə oluna bilməz. Yerli kanallarda nəyin, necə təqdim edildiyini bilmirəm. Amma cinayət mövzularında maraqlı aspektlər, ailə məsələləri, istintaqla bağlı nüanslar var. Bu baxımdan, buna etik yanaşılmalıdır”.
Qulu Məhərrəmli
Professor bildirib ki, ümumiyyətlə, Azərbaycan televiziyaları sensasiya xarakterli mövzulara çox meyllidir:
“Təəssüf ki, bu da həmişə cəmiyyətdə normal qarşılanmır, qıcıq yaradır. Ona görə də kanallar peşəkar olmalıdırlar”.