Rəsmi İrəvana “xarici himayədarlarınıza boşuna ümid etməyin, biz istədiyimizi alacağıq” mesajını verən Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Ermənistan cəmiyyətində şok effekti yaradıb; Paşinyan hakimiyyətinin həm Zəngəzur dəhlizi, həm də digər önəmli məsələlər ilə bağlı öz üzərinə konkret hüquqi öhdəliklər götürdüyü indi hər kəsə aydındır…
Ermənistan “geopolitik labirint”də xaotik addımlar atmaqda davam edir. Rəsmi İrəvan bütün imkanlarını bu “labirint”dən çıxmağın yollarını axtarmağa yönəldib. Ancaq Paşinyan hakimiyyətinin bütün cəhdləri boşa çıxır.
Məsələ ondadır ki, Ermənistan üçün həmin “geopolitik labirint”dən çıxış yolu yoxdur. Hansı tərəfə hərəkət etsə, mütləq qarşısına keçilməz dalan çıxır. Və nəticədə yenidən yolun başlanğıcına dönmək məcburiyyətində qalır.
Rəsmi İrəvan Rusiya və Qərb arasında xaotik hərəkət modelini davam etdirdikcə, bu vəziyyətin dəyişməz qalacağı daha inandırıcı görünür. Üstəlik, bu, Ermənistan üçün daha “qaranlıq tunel” təhlükəsi vəd edir. Halbuki, bu vəziyyətdən ən doğru çıxış yolu rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən keçir.
Ancaq rəsmi İrəvan qeyri-sabit mövqeyi ilə Ermənistanı daha dolaşıq geopolitik situasiyada dolaşdırmaqda israrlı davranır. Belə ki, Paşinyan hakimiyyəti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üç görüşündə, üç üçtərəfli anlaşma imzalayıb. Və həmin anlaşmaları indiyə qədər yerinə yetirməyib.
![]()
Bunun əvəzində isə rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma manevrləri edir. Rusiyanı Azərbaycan-Ermənistan münaqişəsinə vasitəçilik missiyasından uzaqlaşdırmağa can atır. Və Rusiyanı Qərblə əvəzləmək cəhdləri ilə Ermənistanın gələcək taleyini böyük risk altında buraxır.
Məsələ ondadır ki, belə xaotik geopolitik manevrlər Ermənistana ən azı iki istiqamətdən real təhlükə vəd edir. Birincisi, Ermənistanın hərbi müttəfiqi Rusiya rəsmi İrəvana yönəlik mövqeyində bu xaotik geopolitik manevrləri nəzərə almaq məcburiyyətində qalır. Və növbəti həlledici məqamda Ermənistanın müdafiə edilməsi məsələsinə ciddi şəkildə tərəddüdlər ilə yanaşır.
Onu da qeyd edək ki, Kremlin bu tərəddüdləri 15-16 noyabr silahlı toqquşmalarında açıq şəkildə müşahidə olundu. Belə ki, Kreml rəsmi İrəvanın hərbi-siyasi təxribatları ucbatından başlamış silahlı toqquşmalara ümumiyyətlə, əhəmiyyət vermədi. Çünki, Ermənistanın hərbi-siyasi təxribatları həm də Rusiyanın vasitəçilik missiyasına zərbə vurmaq məqsədi daşıyırdı. Bu səbəbdən də Kreml hərbi müqavimət potensialı olmayan Ermənistanı Azərbaycan qarşısında növbəti dəfə təkbaşına buraxdı. Aldığı hərbi zərbələrdən sonra “ağıllanacağını” düşündüyü Paşinyan hakimiyyətinin birbaşa xahişindən sonra Kreml nəhayət, atəşkəs üçün fəaliyyətə keçdi.
Təbii ki, belə vəziyyət Ermənistan üçün daha bir önəmli hərbi-siyasi təhlükə ehtimalını ciddiləşdirir. Belə ki, rəsmi İrəvanın Kreml ilə münasibətlərinin pozulması Azərbaycanın maraqlarına tamamilə cavab verir. Bu halda, Rusiyanın hərbi-siyasi müdafiəsindən məhrum olacaq Ermənistan Azərbaycan ilə növbəti dəfə təkbaşına qala bilər. Və bunun Ermənistan üçün hansı nəticələr verə biləcəyi ötən ilin 27 sentyabrından üzü bəri dəfələrlə müşahidə edilib.
İndiki situasiyada isə Azərbaycan və Rusiyanın maraqları böyük ölçüdə üst-üstə düşür. Hər iki ölkənin maraqları Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Halbuki, rəsmi İrəvan Qərbdəki himayədarlarına güvənərək, hələlik israrla öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır.
![]()
Ona görə də, rəsmi Bakının səbri tükənməyə başlayıb. Üstəlik, Azərbaycan bu məsələdə güzəştsiz mövqe tutmaqda qərarlı olduğunu da qətiyyən gizlətmir. Buna əmin olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına diqqət etmək tamamilə yetərlidir.
Məsələ ondadır ki, Prezident İlham Əliyev son açıqlamasında Paşinyan hakimiyyətindən üçtərəfli anlaşmalara riayət olunmasını tələb edib: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə də hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq”.
Göründüyü kimi, Azərbaycan lideri Ermənistana açıq mətnlə xəbərdarlıq edir. Üstəlik, anlaşmalara riayət olunmayacağı təqdirdə, sərt addımların atıla biləcəyinin mesajını verir. Və bu, rəsmi İrəvan üçün olduqca təhlükəli nəticələr verə bilər.
Çünki, imzalanmiş anlaşmalar mütləq icra edilməlidir. Rəsmi Bakı uzun müddət Paşinyan hakimiyyətinin “kaprizlər”inə səbr göstərməyə həvəsli deyil. Və Zəngəzur dəhlizinin açılmasına yönəlik anlaşmanın nə vaxt icra olunacağının vaxtını konkretləşdirməyi tələb edir.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan nə qədər inkar etməyə çalışsa da, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın Azərbaycan qarşısında öhdəliyi var. Üstəlik, bu öhdəliyin hüquqi sənədlə rəsmiləşdirildiyi də artıq qətiyyən şübhə doğurmur. Və rəsmi İrəvan inkar siyasətinə davam edərsə, Azərbaycan Ermənistana təzyiqləri elə əvvəlcə həmin sənədin ictimailəşdirilməsi ilə başlaya bilər.
.
![]()
Onu da qeyd etmək lazımdır ki, əslində, Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın mövcudluğu artıq Ermənistanda da dolayısı ilə etiraf olunub. Belə ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini A.Simonyan Soçi görüşündən sonra bu barədə rəsmi açıqlama verib: “Dəmiryolu xətti üzrə marşrutlar artıq müəyyən edilməyə başlayıb. Bunlar Naxçıvan və Türkiyə, eləcə də, Gürcüstan istiqamətlərində ola bilər”.
Azərbaycan Prezidentinin açıqlamasında bir sıra önəmli məqamlar yer alır. Belə ki, Prezident İlham Əliyev Ermənistanın hər hansı revanşist addımlara cəhd edəcəyi halda, bu məsələnin dərhal yerindəcə həll olunacağını vurğulayıb: “Müharibədən sonra Ermənistanın bir neçə belə cəhdi olub və onlar bunun acı nəticələrini də görüblər. Ona görə də, hələ gec deyil. Mən dəfələrlə demişəm ki, onlar bizim şərtlərimizi qəbul etməlidirlər, yollara və kommunikasiyalara qeyri-səmimi yanaşmaya son qoymalıdırlar. Bu baş verərsə, Cənubi Qafqazda bütün xalqlar sülh şəraitində yaşayacaqlar”.
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlıq mesajları Ermənistanda çaşqınlıq yaradıb. Azərbaycanın öz hədəflərinə çatmaq niyyətində olduqca qərarlı mövqe tutması rəsmi İrəvanı çıxılmaz və aciz duruma salıb. Azərbaycan liderinin xəbərdarlıq mesajlarına cavab olaraq, Ermənistan XİN-in dərhal xarici himayədarlarına şikayət etməsi də bunu təsdiqləyir.
Məsələ ondadır ki, Ermənistan XİN rəsmi açıqlama ilə beynəlxalq ictimaiyyətə, Rusiyaya, KTMT-ya, BMT Təhlükəsizlik Şurasına və ATƏT-in Minsk Qrupuna müraciət edərək, Azərbaycanın hədələrini diqqətə almağı xahiş edib. Halbuki, bu dəfə Ermənistanın beynəlxalq himayədarlarının arxasında gizlənməsi o qədər də asan olmayacaq. Çünki rəsmi anlaşmalar mövcuddur və həmin sənədlərin icra olunması qaçılmaz xarakter daşıyır.
Digər tərəfdən, Azərbaycan Prezidenti rəsmi İrəvana Ermənistanın xarici himayədarlarına güvənməyin mənasız olması barədə də açıq mesaj verib: “Müharibə dövründə bizi dayandırmağa çalışan kifayət qədər güclü dairələr var idi. Ancaq onlar bizi dayandırmağı bacarmadılar…”
![]()
Bütün bunlar o deməkdir ki, rəsmi İrəvan bundan sonra Ermənistanın xarici himayədarlarına ümid bəsləməklə böyük səhv buraxmış olacaq. Heç bir xarici himayədar Ermənistanı öz rəsmi öhdəliklərini yerinə yetirməkdən yayındıra bilməz. Rəsmi İrəvan indi hər hansı addımı atarkən, ilk növbədə Azərbaycanın üstün hərbi-siyasi potensialına Ermənistanın müqavimət imkanları barədə düşünməlidir. Çünki, müqavimət imkanları olmayan dövlətlər üçün ən doğru seçim öhdəlikləri yerinə yetirməkdən ibarətdir.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində rəsmi İrəvanın öhdəlikləri barədə artıq açıq şəkildə danışmağa başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasından sonra müxalif deputat Andranik Tevanyan bəyan edib ki, Ermənistan hökuməti Azərbaycanla Soçi razılaşmasının məzmununu hələ də gizlədir: “Əhali informasiya boşluğu yaşayır. Soçi danışıqları barədə məlumat yoxdur. Moskvada keçirilmiş görüşün nəticələri də gizlədilir”.
Erməni deputatın fikrincə, Paşinyan hakimiyyətinin dönəmində Ermənistan cəmiyyətinin tez-tez müxtəlif “sürprizlər” ilə üzləşməsi qaçılmazdır: “Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret vaxtın elan olunmasını tələb etməsi əsl şokdur”.
Göründüyü kimi, Azərbaycan Prezidentinin son açıqlaması Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin açıq mətnlə hədələnməsi kimi qəbul edilir. Üstəlik, Ermənistan cəmiyyətində bunun qətiyyən səbəbsiz olmadığını da artıq anlayırlar. Rəsmi İrəvanın həm Zəngəzur dəhlizi, həm də digər önəmli məsələlər ilə bağlı öz üzərinə konkret öhdəliklər götürdüyü indi hər kəsə aydındır. Yəni, Paşinyan hakimiyyəti xaotik addımlar ataraq, anlaşmaların icra olunmasından yayınmağa cəhd göstərdikcə, hələlik gizli qalmasında maraqlı olduğu sirlərin üstü də açılmaqda davam edir. /Musavat.com

