Honq-Konq Universitetinin alimləri müəyyən ediblər ki, genetik meyldən asılı olmayaraq əzələ gücü yüksək səviyyədə 2-ci tip diabetin inkişaf riskini azaldır.
Araşdırmanın nəticələri BMC Medicine jurnalında dərc olunub.
Tədqiqata başlanğıcda şəkərli diabeti olmayan 141 848 britaniyalı daxil edilib. Alimlər 2-ci tip diabetlə əlaqəli 138 məlum genetik varianta əsaslanaraq hər bir insanın bu xəstəliyə tutulma riskini qiymətləndiriblər. Könüllülərdən əzələlərinin nə qədər güclü olduğunu ölçmək üçün tutma gücü testindən keçmələri də istənib.
İştirakçılar yeddi ildən çox izlənilib. Müşahidə dövründə 4743 iştirakçıda şəkərli diabet inkişaf edib. Təhlillər göstərib ki, əzələləri güclü olan insanların xəstəliyə yoluxma riski “arıq” könüllülərə nisbətən 44 faiz azdır. Üstəlik, bu qoruyucu təsirin diabetə genetik meylin mövcudluğundan asılı olmayaraq baş verdiyi müşahidə edilib.
Alimlər əzələ gücünün fiziki məşqlərlə yaxşılaşdırıla biləcəyini ifadə ediblər. Bu o deməkdir ki, müntəzəm məşq diabetdən effektiv müdafiədir və “pis irsiyyət”in təsirini kompensasiya edə bilər.
//Gülnarə Abasova, Editor.az