Elman Nəsirov: “Ermənistan məğlub tərəf kimi Azərbaycanın tələblərini yerinə yetirir”backend

Elman Nəsirov: “Ermənistan məğlub tərəf kimi Azərbaycanın tələblərini yerinə yetirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün əsir və girovların “hamının hamıya” prinsipi ilə qarşılıqlı şəkildə geri qaytarılması Azərbaycan tərəfinin mövqeyidir. Təəssüf ki, Ermənistan bütün məsələrdə olduğu kimi bu məsələdə də qeyri -konstruktiv mövqe nümayiş etdirir”.

Bu sözləri Editor.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür mövqe tutması uzun illər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına səbəb olurdu: “Danışıqlar mənasız idi və beləliklə də, düşmən vaxt qazanır, status-kvonu qoruyub saxlamağa çalışırdı”.

Elman Nəsirov deyib ki, Vətən müharibəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi qələbəsi yeni reallıqlar yaratdı: “Həmin reallıqlardan biri də məhz 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda qeyd olunduğu kimi əsirlərin ve girovların qarşılıqlı şəkildə qaytarılması məsələsini özündə ehtiva edir. Yeni reallıqda Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqe ortaya qoymaq imkanları tükənmiş oldu: Çünki diktə edən tərəf Azərbaycandır və biz humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada əsir və girovların qaytarılmasını həyata keçirdik”.

Millət vəkilinin sözlərinə görə, 14 dekabrdan etibarən “hamının hamıya” prinsipi üzrə əsir və girovların mübadiləsi prosesinə başlanılıb:

“Son olaraq Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəçiliyi və Rusiya sülhməramlılarının iştirakı ilə 2014-cü ildən girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması baş tutdu.

Ümumiyyətlə, Azərbaycan hər zaman münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirib. Ermənistan rəhbərliyinin hazırki davranışları isə sırf məğlub olduğu vəziyyətin diktəsi altında atılmış addımdır. Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı saxta ittihamlar irəli sürərək, onları ağır cəzalara məhkum etmişdi. Bu 6 il ərzində geri qaytarmaq istəmirdi. İndi isə Ermənistan məğlub tərəf kimi Azərbaycanın tələblərini yerinə yetirməkdədir. Bu Azərbaycanın ciddi hərbi və diplomatik qələbəsidir”.

Gülnarə Abbasova, Editor.az

Loading...