Elman Nəsirov: “Paşinyanın əli-qolu açılıb və yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib”backend

Elman Nəsirov: “Paşinyanın əli-qolu açılıb və yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni xalqı növbədənkənar parlament seçkilərində sülhü istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Paşinyanın əli-qolu açılıb və yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib: “Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatıb. Baş nazirin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 53,92 faiz səs toplayaraq qalib gəlib. Ermənistan Mərkəzi Seçki Komissiyasının bununla bağlı mövqeyi artıq bəllidir. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 %, sabiq Prezident Serj Sarkisyanın “Mənim şərəfim var” bloku isə 5,23% səs toplayıb. Bu o deməkdir ki, Sarkisyanın bloku lazım olan 7%-lik səsi toplaya bilmədiyi üçün ümumiyyətlə parlamentə düşə bilməyəcək. Beləliklə, Nikol Paşinyan qalibdir və Baş nazir vəzifəsini o icra edəcək. Əvvəlki qalibiyyətini “məxməri inqilab” adlandıran Paşinyan indi baş vermiş hadisəni “Polad inqilab” adlandırır. Qeyd etmək lazımdır ki, Nikol Paşinyan müharibənin əleyhinə olduğunu, Köçəryan başda olmaqla, digər revanşistlər isə müharibənin lehinə mövqe bildirirdilər. Hətta açıqlamalarında guya Şuşanı, Hadrutu geri alacaqlarına dair sərsəm bəyanatlar verirdilər. Erməni xalqı bu səsvermədə sülhü istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər. Deməli, Paşinyanın əli-qolu açılıb, yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib”.

 

E.Nəsirov həmçinin Ermənistanda başa çatmış növbədənkənar parlament seçkilərinin nəticələrinin Azərbaycana təsirindən də bəhs edib: “Birincisi, Köçəryan Prezident İlham Əliyevin sülh təklifinə həm də seçkilərlə əlaqədar olaraq etiraz edirdisə, Nikol Paşinyanın bizim sülh təklifimizlə razılaşacağı istisna edilmir. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. İkincisi, Zəngəzur dəhlizinin işə salınması real məzmun kəsb edə bilər. Nikol Paşinyan bu məsələdə mövqeyini bildirmişdi, lehinə olduğunu demişdi. İndi isə bütün bunları reallaşdırmaq və prinsipial mövqe ortaya qoymaq üçün unikal şərait yaranıb. Üçüncüsü isə, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim edəcəyini hesab edirəm. Çünki bunun alternativi yoxdur. Əks halda, əməkdaşlıq mühitindən söhbət gedə bilməz. Nəhayət, Nikol Paşinyanın Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdikləri altılıq platformaya qoşulması labüd ola bilər. Yəni Ermənistanın da bu prosesin tərkib hissəsi olması mümkündür. Beləliklə, regionda yaranan yeni şərait özündə əməkdaşlığı ehtiva edir və ən əsas məqam ondan ibarətdir ki, erməni xalqı müharibəyə “yox” dedi”.

 

Qeyd: Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. Ermənistan MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.