Avropa Komissiyasının sədri Ursula von der Leyen Aİ-nin Rusiya neftinə mərhələli embarqo tətbiq etmək planını açıqlayıb.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı açıqlamalar verən Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqına üzv ölkələrin liderlərini Rusiyaya neft embarqosunu 6-cı paketə daxil etməyə çağırıb.
Avropa Parlamentindəki (AP) çıxışında Von der Leyen, Almaniya da daxil olmaqla, Aİ ölkələrindəki şirkətlərin gələcəkdə Rusiyadan neft idxal etməsinə icazə verilməməli olduğunu, lakin ölkələrin buna uyğunlaşması üçün keçid dövrünə ehtiyac olduğunu bildirib. Komissiya sədri 6 aylıq mərhələli çıxış prosesindən sonra xam neftin idxalına qadağa, 8 aylıq dövriyyədən sonra isə neft məhsullarına idxal qadağası qoymağı planlaşdırdığını açıqlayıb. Tədarükün boru kəməri və ya gəmi ilə olması da embarqoda rol oynayacaq. Rusiyaya qarşı neft embarqosundan geniş istisnalar yalnız Macarıstan və Slovakiya üçün nəzərdə tutulub. İttifaqın Rusiyaya tətbiq etdiyi sanksiyalara əməl etməkdən yayınan bu iki Şərqi Avropa ölkəsi neftə olan tələbatının böyük hissəsini hələ də Rusiyadan qarşılayır. Macarıstan və Slovakiya hökumətləri bildirirlər ki, ölkələrinin dənizə çıxışı olmadığı üçün digər ölkələr kimi alternativ tədarük mənbələri yaratmaq iqtidarında deyillər.
Von der Leyen Rusiyanın ən böyük bankı Sberbank və daha iki böyük bankın SWIFT sistemindən çıxarılması təklifini də açıqlayıb. O, bildirib ki, 6-cı sanksiya paketinin həyata keçirilməsi üçün 27 üzv dövlətin təsdiqi tələb olunur.
//Gülnarə Abasova, Editor.az

