Əməliyyatlar başlayacaq: Naxçıvan və Qazaxın kəndləri qaytarıla bilər-TƏHLİLbackend

Əməliyyatlar başlayacaq: Naxçıvan və Qazaxın kəndləri qaytarıla bilər-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Ermənistanla Azərbaycan arasında şərti sərhəddə vəziyyət yenidən gərginləşib. Düşmən, demək olar, hər gün hərbi təxribat törədir. Davam edən hərbi sabotajların fonunda siyasi müstəvidə “suların bulandırılması” cəhdləri də ara vermir. Belə ki, rəsmi İrəvan destruktiv siyasətini davam etdirir: Ermənistan hakimiyyəti və qondarma rejim reinteqrasiya prosesinə mane olur, ərzaq yüklərinin Qarabağa daşınmasının qarşısı alınır. Bu azmış kimi, həm də Qarabağda humanitar böhranın yaşandığı iddia edilir. Bütün bunlar isə son nəticədə sülh perspektivinə mane olur.

Bir neçə aydır ki, Ermənistanın sürətlə silahlanmasına, o cümlədən səngər qazmasına dair məlumat yayılır. Bu, açıq-aydın savaşa hazırlıq əlamətidir. Rəsmi İrəvan növbəti eskalasiyanın nəticələrinin onun üçün ağır olacağını yaxşı bilir. Ermənistan baş naziri Nikol Paşinyan bu nəticəni təxmin edə bilməyəcək qədər axmaq deyil. Amma məsələ kifayət qədər mürəkkəbdir.

İlk növbədə onu deyək ki, Ermənistanın təxribatları və destruktiv mövqeyi təkcə Paşinyan və komandasından asılı deyil. Üçüncü güclərin İrəvana təzyiq və təsir imkanı kifayət qədər çoxdur. Rusiya, Fransa, ABŞ, İran, hətta Hindistan regional maraqlarını təmin etmək etmək məqsədilə bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edir. Və təəssüf ki, Paşinyan bu oyuna gedir.

Doğrudur, indiki halda sülh müqaviləsinin imzalanması Paşinyanın da tam ürəyincə deyil.O, prosesin Ukraynadakı müharibə bitənə qədər uzanmasına çalışır. Çünki Avropadakı durum birbaşa Cənubi Qafqaza da təsir edəcək.
Üstəgəl, Paşinyan hakimiyyətinə ciddi təhlükə var. O, başa düşür ki, sülh müqaviləsini imzalaması daxildəki radikalların ciddi narazılığına səbəb ola bilər. Ona görə də mümkün qədər çox vaxt qazanmağa çalışır. Paşinyanın zaman-zaman özünü təkzib etməsi, onun bir bəyanatı ilə digərinin üst-üstə düşməməsi də məhz bununla bağlıdır.

Hazırda Ermənistan siyasi iradəsi öz əlində deyil.Bu dövlət başqalarının geosiyasi ambisiyalarının qurbanına çevrilib. Əvvəllər də dediyimiz kimi, təxribatları hansı qüvvələrin idarə etməsindən asılı olmayaraq, məsuliyyəti rəsmi İrəvan daşıyır.Çünki bizim tərəf müqabilimiz Ermənistandır. Paşinyan başa düşməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Ordumuz isə hazır vəziyyətdədir. Nəzərə alınmalı başqa bir məqam, son vaxtlar Ermənistanla Rusiya arasında münasibətlərin sürətlə pisləşməsidir. Bu, Azərbaycanın əlini gücləndirən faktordur. Düşünmək olar ki, ehtimal edilən hərbi əməliyyatlar zamanı Rusiya öz for-postunu dəstəkləməyəcək.

Sentyabr Azərbaycan ordusu üçün əlamətdar aydır. Belə ki, əvvəlki illərdə də Silahlı Qüvvələrimiz məhz sentyabrda əhəmiyyətli hərbi əməliyyatlar keçirib. Bir çox ekspert məhz bu məqama istinad edərək növbəti hərbi əməliyyatların uzaqda olmadığını bildirir. Əslində proseslər də bunu göstərir. Düşünürəm ki, təxribatlar davam edərsə, növbəti hərbi əməliyyatlarının başlanması qaçılmazdır. Geosiyasi şərait də buna imkan verir. Beynəlxalq güclərin, o cümlədən İranın bizə ciddi mane olacağını düşünmürəm. Ermənistan hərbi-siyasi hakimiyyəti üçün şanslar tədricən azalır. Rəsmi İrəvan ən qısa müddətdə sabotajları dayandırıb sülh gündəliyinə qayıtmasa, bu, ona baha başa gələcək.

Ehtimal edilən hərbi əməliyyatlar Xankəndidə də başlaya bilər. Amma ərazidə rus sülhməramlılarının olduğunu nəzərə alsaq, Azərbaycanın bunun üçün tələsməyəcəyini düşünürəm. Zənnimcə, rəsmi Bakı Xankəndi məsələsini mümkün qədər siyasi yolla həll etməyə çalışır. Ehtimal edilən əməliyyatların Qazaxda və xüsusilə Naxçıvandakı anklavlar uğrunda başlaması isə tamamilə realdır. Nəzərə almaq lazımdır ki, Naxçıvanla quru yolun bərpası həm də Zəngəzur məsələsinin həllinə töhfədir. Ehtimal etmək olar ki, İran da məsələdən xəbərdardır.

//Kənan Novruzov, Editor.az