Emin Əmrullayevə sərt ittihamlar: “Nazirin yaxın dostları, əsgər, sinif yoldaşları…”backend

Emin Əmrullayevə sərt ittihamlar: “Nazirin yaxın dostları, əsgər, sinif yoldaşları…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüflər olsun ki, Azərbaycan təhsili pandemiya dövründən çıxa bilmədi. Baxmayaraq ki, biz dərsləri ənənəvi formaya qaytarmışıq, amma məlum oldu ki, təhsilimizin ayıbını pandemiya örtmüşdü. Məktəblərdə dərs yox idi, amma əslində məktəblərdə vəziyyət heç də ürəkaçan deyildi. Pandemiya dövründə biz uşaqlara dərslərə qoşulmaq üçün telefon, planşet, internetə çıxış imkanları verdik. Və artıq onların əlində alətlər var, məktəbdə baş verən xoşagəlməz halları rahatlıqla çəkə bilirlər…”

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında yaşanan insident barədə danışan ekspert  bu cür hadisələrdə birmənalı olaraq Elm və Təhsil Nazirliyində günahı gördüyünü bildirib:

“Son vaxtlar məktəblərdə baş verən neqativ halların hər biri onu göstərir ki, Elm və Təhsil Nazirliyinin təhsili məhv etmək istiqamətindəki fəaliyyəti artıq özünü doğruldub. Bu gün Azərbaycan təhsilində baş verən hadisələrin yeganə günahkarı Elm və Təhsil Nazirliyidir. Ona görə ki, onlar təhsil sisteminə nəzarət edə bilmirlər, artıq Azərbaycan təhsil sistemi başsız atlı kimidir, hara gedir bilinmir.

Yalandan olimpiada nəticələri açıqlamaqla, tədbirlər keçirib şəkil çəkdirməklə keyfiyyət göstəricisini ortaya qoymaq olmaz birinci nəzarət mexanizmi itib. Hesabatlılıq və nəticəyönümlülük yoxdur.

İkinci məsələ ilə təyinatlarla bağlıdır. Baxın görün, son 2 il ərzində Elm və Təhsil Nazirliyinin aparatına, rəhbər vəzifələrə təyin olunanlar kimlərdir. O vəzifələri ancaq Elm və Təhsil nazirinin yaxın dostları, otaq yoldaşları, əsgər yoldaşları, sinif yoldaşları tutur. Onların heç biri təhsil sistemindən çıxmış adamlar deyilər, onların bu sistemdən, ümumiyyətlə, anlayışları yoxdur. Regional təhsil idarələrinə rəhbər təyin edilmiş şəxslərin heç biri bir dəfə də sinifdə oturub jurnal yazmayıblar”.

Onun sözlərinə görə, rəhbər vəzifələrə edilən təyinatlar uğursuzdur:

“Elm və Təhsil Nazirliyi birmənalı olaraq proseslərdə hərəkətverici qüvvə deyil, onlar ümumiyyətlə təhsil prosesinə nəzarət edə bilmirlər, özbaşınalıqdır. Onlar daxil olan şikayətlərə baxmırlar, insanlar nazirliyin özünə, portal.edu.az saytına şikayətlərini bildirirlər, amma heç kim daxil olan şikayətləri araşdırmır. Çünki Elm və Təhsil Nazirinin başı təhsilə yox, öz dost-tanışlarına, qohumlarına 100 minlərlə vəsaiti qrant olaraq verməyə qarışıb.

Nazirlikdə kiçik bir araşdırma aparsanız görərsiniz ki, hər il Müəllimlərin İşə Qəbulu imtahanı keçirilir və hər il də 2-3 min kompüter alınır. Bunu bir dəfə alırsansa, bir neçə il istifadə etməlisən. Onların hazırda işi təhsil sistemi üzərindən öz maliyyə ehtiyaclarını ödəmək, zəngin insan olmaqdır.

Bu gün məktəblərdə baş verən hadisələrin səbəbi nazirliyin məktəblərə nəzarət edə bilməməsinin, uğursuz direktor seçimlərinin nəticəsidir”.

K. Əsədov Biləsuvardakı məktəbdə olan digər faktları da açıqlayıb:

“Direktorlar məktəbə təyin olunan kimi ilk işləri qanunsuzluğa yol verməkdir. Biləsuvardakı həmin məktəb haqqında bir faktı da açıqlayıram: Videoda yer alan direktor özü ilə bərabər məktəbə 2 işçi də gətirib. Həmin işçilər o məktəbdə ikinci iş yeri kimi çalışır, amma birinci iş yerləri ilə bu iş arasındakı məsafə 50 km-dir. Soruşmaq ayıb olmasın, adam bu işdən çıxıb hər dəfə bu qədər yolu necə gedə bilər?

Artıq təhsil sistemi tamamilə nəzarətdən çıxıb, özbaşınalıq adi hala çevrilib. Biləsuvardakı məktəbdə təhsil mühitini artıq öldürüblər. Rəhbər vəzifənin sahibi ilə müəllimin arasındakı mübahisə məktəbdə baş verib, eyni zamanda məktəbdə uyğun olmayan təyinatı vəzifələr var. Hazırda təhsil sistemində sağlam mühit yoxdur. Bir dəfə görmüsünüz ki, nazir, nazir müavini yaxud aparat rəhbərləri gedib hansısa məktəbi yoxlasın? Təhsil sistemimiz böhran vəziyyətindədir və nazirlik böhran vəziyyəti idarə edə bilmir”.

//yenisabah.az