Emin Əmrullayevin Elm və təhsil naziri kimi təqdim olunması qanunaziddir – Ekspertbackend

Emin Əmrullayevin Elm və təhsil naziri kimi təqdim olunması qanunaziddir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Prezidentin sərəncamı ilə Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı. Bu nazirliyə hələlik rəhbər təyin olunmayıb. Buna baxmayaraq, Təhsil Nazirliyinin mətbuat xidməti rəhbəri Cəsarət Valehov Təhsil Naziri Emin Əmrullayevi Elm və Təhsil naziri kimi ictimaiyyətə təqdim edib.

Bu, hüquqi baxımdan doğrudurmu?

Hüquqşünas Şəmsəddin Əliyev “Yeni Sabah”a bildirib ki, C. Valehovun E. Əmrullayevi Elm və Təhsil naziri kimi təqdim etməsi qanunsuzdur:

“Bu, əsla mümkün deyil. Azərbaycan dövlətinin təhsillə bağlı özünün daxili siyasəti var. Bu sahədə vəzifə təyinatı birbaşa prezidentin sərəncamında olan məsələdir. Əgər prezident məzuniyyətdə olarsa, öz səlahiyyətlərini icra etmək imkanı məhdudlaşarsa bu halda konstitusiyaya görə bunu icra edə biləcək ölkənin ikinci şəxsi var, belə hallar olmadığı halda faktiki olaraq təyinatlar prezidentin səlahiyyətinə aid olduğu üçün kimsə özünü Elm və Təhsil Naziri kimi təqdim edə bilməz. Təhsil Nazirliyi üzərində yeni baza yaradılıb və ora təyinat olmalıdır birmənalı olaraq”.

Hüquqşünas hesab edir ki, Emin Əmrullayevin özünü Elm və Təhsil naziri kimi təqdim etməsi konstitusiyaya ziddir: “Emin Əmrullayevin təyinat almadan Elm və Təhsil Naziri kimi təqdim edilməsi konstitusiyaya ziddir. Ölkə prezidentinin sərəncamında olan məsələni ictimaiyyətə başqa cür çatdırmaq olmaz”.

Təhsil eksperti Kamran Əsədov da eyni mövqedədir və hesab edir ki, ümumiyyətlə sözügedən nazirliyə heç bir rəsmi təyinat olmayıb:

“Prezidentin bu barədə sərəncamı olmalıdır və ya ona həvalə eləməlidir. Hal-hazırda Elm və Təhsil naziri vəzifəsinə təyinat yoxdur. Belə bir vəzifə artıq var, amma kim tərəfindən icra edilməsi barədə rəsmi heç bir məlumat, sərəncam yoxdur.”

Ekspertlərin açıqlamalarından belə çıxır ki, Emin Əmrullayev prezidentin səlahiyyətində olan  təyinatın fərqinə varmadan özünü Elm və Təhsil naziri kimi təqdim edib.