Fransa prezidenti Emmanuel Makron, Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra Almaniya kansleri Olaf Şolzla birlikdə Avropanı “daha birləşmiş, daha güclü və daha suveren” etmək üçün çalışacaqlarını bildirib. Makron həmçinin Aİ ölkələrini “hər kəs özü üçün” prinsipini aradan qaldırmaq üçün birgə gələcək addımlar barədə razılığa gəlməyə çağırıb.
“Biz yeni şəraitdə vahid, daha güclü və daha suveren Avropa yaratmaq üçün çalışacağıq. Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək, maraqlarımızı və dəyərlərimizi müdafiə etməklə”, – Fransa prezidenti sosial şəbəkədə yazıb.
ABŞ-da seçkilər dünən, noyabrın 5-də baş tutub. Amerika mediasının hesablamalarına görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlmək üçün lazım olan 270-dən çox, Demokratik rəqibi isə 224 səs toplayıb. Donald Trampın qələbəsini şərh edən Aİ-nin xarici siyasət sözçüsü Piter Stano ittifaqın Ukraynaya dəstəyini davam etdirmək niyyətini açıqlayıb. “Financial Times” (FT) mənbələrə istinadən xəbər verir ki, avropalı diplomatlar respublikaçının “qələbə miqyasında şoka düşdüklərini” bildiriblər. Qəzetin yazdığına görə, bir çox Aİ liderləri Trampın Ukraynanı hərbi əməliyyatları dayandırmaq üçün saziş bağlamağa məcbur edə biləcəyindən ehtiyat edirlər.
//Samir Qurbanov, Editor.az