Fransa prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.
Editor.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır. Nəşr qeyd edir ki, Yelisey sarayı təhlükəsizlik səbəbi ilə səfərin ləğv edilməsi ilə bağlı təklifləri təkzib edib. “Politico”nun həmsöhbətinin sözlərinə görə, Emmanuel Makron Ukraynaya hazır təkliflərlə gəlmək üçün müttəfiqləri ilə danışıqlara “vaxt tapmaq” istəyir.
“Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir”, -mənbə bildirib. Nəşr qeyd edir ki, son həftələr Fransa prezidenti hərbi əməliyyatlarla bağlı açıqlamalarına görə avropalı siyasətçilərin narazılığına səbəb olub.
Fevralın sonunda Makron Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmədiyini, martın əvvəlində isə Avropanı qorxaq olmamağa çağırıb. Əvvəlcə Emmanuel Makron fevralda Kiyevə silah təchizatını müzakirə etmək üçün gəlməyi planlaşdırırdı. Fevralın 11-də “Challenges” Yelisey Sarayına istinadən xəbər verib ki, siyasətçinin səfəri təhlükəsizlik səbəbi ilə təxirə salınıb. Fevralın 17-də BFMTV yazıb ki, Makron “martın ortalarına qədər” Kiyevə gedəcək.
//Samir Qurbanov, Editor.az

