“Ən pis tərəfi də odur ki, erməni cəmiyyəti də rəhbərliyin əlində oyuncağa çevrilməyə hazırdır”-Millət vəkilindən AÇIQLAMAbackend

“Ən pis tərəfi də odur ki, erməni cəmiyyəti də rəhbərliyin əlində oyuncağa çevrilməyə hazırdır”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranda yayınlanan “Karzar.net” sayında Laçın dəhlizinin açılması tələbi ilə imza toplama kampaniyasına start verilib. Hər birimizə məlumdur ki, erməni lobbisi xarici ölkələrdə çox güclü fəaliyyət göstərir. Nəinki İran, eyni zamanda Fransa, ABŞ kimi dövlətlərdə də erməni lobbisi tərəfindən maliyyələşən QHT-lər və yüksək tirajlı media nümunələrini var. Bu media xaricdə antiAzərbaycan təbliğatı ilə məşğuldur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, İran dövləti Azərbaycanla münasibətləri düzəltmək yönündə müəyyən addımlar atıb:

“Təbii ki bu da dövlətimiz tərəfindən xoş qarşılandı. Bugünkü mənzərə tamamilə İran dövlətinin fəaliyyətini əks etdirməsə də İrandakı idarəçilik istəsə bu kampaniyanı dayandıra bilər. Görünən odur ki, ya İranın rəsmilərinin də bu işdə marağı var, ya da erməni lobbisi artıq bəzi ölkələrdə o qədər güclənib ki, dövlətin ona qadağa qoyma ixtiyarı yoxdur. Bu tip məsələlərdə Azərbaycan QHT-lərinin, diasporalarının üzərinə də xeyli iş düşür. Azərbaycan hökuməti bu qurumlara kifayət qədər vəsaitlər ayırır, lakin hələ də bizim xarici diasporalarımızın fəaliyyətini genişləndirməyə ciddi ehtiyac var. Necə ki erməni cəmiyyətinin hər bir fərdi hər zaman anti-Azərbaycan fəaliyyətinə hazırdırlarsa, bizim də xaricdə yaşayan soydaşlarımız tarixin həqiqətlərini dünyaya çatdırmalıdır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, xaricdə kifayət qədər soydaşlarımız var ki, onların istər mətbuat yaratmaq, istərsə də əks təbliğat aparmağa imkanları var. Lakin onlar bu işlə məşğul olmaq istəmirlər. Mən deyərdim ki, bu iş təkcə dövlət səviyyəsindəki fəaliyyətlə bitmir və bitməyəcək də, gənc nəsil bilməlidir ki, biz Qarabağ həqiqətlərini hər zaman beynəlxalq aləmin diqqət mərkəzində saxlamalıyıq. Bu gün süni blokada görüntüsü yaradan erməni rəhbərliyi Qarabağdakı erməni əsilli vətəndaşları planlı şəkildə blokada da yaşamağa məcbur edir. Ən pis tərəfi də odur ki, erməni cəmiyyəti də rəhbərliyin əlində oyuncağa çevrilməyə hazırdır. Əslində beynəlxalq konvensiyalara görə heç bir dövlət bir-birinin daxili işinə qarışmamalıdır. Əgər Ermənistan rəhbərliyi bu qədər hay-harayı Qarabağdakı ermənilər üçün salırsa, vətəndaşlarını düşünürsə, Ağdam yolundan olan marşrutdan istifadəyə mane olmamalıdır”.

//Gülnarə Abasova, Editor.az