Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir.
Bəs maraqlıdır, epilepsiya xəstəlikləri nədən yaranır və ilkin yardım olaraq nə etmək lazımdır?
Nevroloq Samir Haşimov Editor.az-a açıqlamasında epilepsiya zamanı sakit olmağı və xəstənin yanından uzaqlaşmamağı tövsiyyə edib:

“Qıcolmanın başlama vaxtını müəyyən etmək üçün saata baxmaq lazımdır. Eyni zamanda, xəstənin hərəkətlərini dayandırmağa çalışmaq olmaz. Çünki əks halda bu, qırıq və sınıqlara səbəb ola bilər. Xəsarət almasının qarşını almaq üçün xəstənin ətrafından iti, kəsici alətləri uzaqlaşdırmaq, başının altına yumşaq bir şey qoymaq lazımdır. Xəstəni yan tərəfə yatırdıb ağızsuyu və ya qusuntunun bayıra axmasını təmin etmək lazımdır. Dişləri qıcıldayırsa, ağzı açmaq olmaz. Dişlərin arasına sərt alaq qoymaq olmaz, çünki bu, lazımsız travmatizasiyaya səbəb ola bilər. Qıcolmanın qurtarmasını gözləmək lazımdır. Adətən bu, 2-5 dəqiqə davam edir. Nadir hallarda daha çox davam edə bilər ki, bu zaman təcili yardım çağırmaq şərtdir. Epilepsiya tutmasından sonra xəstənin huşu özündə olmaya və ya yuxuya gedə bilər. Bu halda narahatlığa ehtiyac yoxdur. Qıcolma zamanı xəstənin bədən hissələrinin hərəkətinə fikir vermək və bunu həkimlə bölüşmək lazımdır”.
Psixoloq Leyla Əli isə Editor.az-a bildirib ki, epilepsiya psixoloji problem deyil:

“Bu xəstəliyin müalicəsi nevroloq tərəfindən aparılır. Az hallarda isə cərrahi müdaxilə tələb edir. Epilepsiyaya bəzi inkişaf pozuntuları ilə yanaşı, (autizm spektr pozuntusu, psixi inkişafın ləngiməsi,uşaq serebral iflici, mental retardasiya(əqli gerilik) rast) gəlinir. Çox vaxt valideynlər bu tip uşaqları psixoloji, loqopedik, pedaqoji məşğələdən yayındırır. Bu isə tamamilə yalnışdır. Epilepsiyalı uşaqları da bərpaya cəlb etmək lazımdır. Valideynləri narahat edən suallardan biri də heç bir inkişaf pozuntusu olmayan uşaqda epilepsiya varsa, əlavə psixoloji problem yarana bilərmi? 7-10 yaş arası uşaqlarda epilepsiyanın psixoloji problem yaratma ehtimalı azdır. Yeniyetməlik dövründə isə əgər müəyyən məhdudiyyətlər yaranarsa, (aqressiya,depressiya, özünə qapanma) problemlər yarana bilər”.
//Gülnarə Abasova, Editor.az

