Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu günlərdə deyib ki, o, Türkiyənin “Taxıl sazişi”ni bərpa edəcəyinə inanır.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Rəsmi Moskvanın keçən ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Bu günlərdə Türkiyə Müdafiə Nazirliyi də “Taxıl sazişi”nin perspektivi barədə məlumat yaymışdı. Bildirilmiş ki, Ankara razılığı davam etdirmək üçün səy göstərir. Rusiyanın “Taxıl sazişi”ndən birtərəfli qaydada çıxmasından sonra dünyada taxılın qiyməti təxminən 10-15 faiz artıb. Bununla bağlıdır ki, dünya dövlətləri və Qərb liderləri Rusiyanı razılığı bərpa etməyə çağırmağa davam edir. Rəsmi Moskva “Taxıl sazişi”nin çıxmasının əsas səbəbi kimi Qərbin öhdəliklərini yerinə yetirməməsini göstərib. Hərçənd məqsəd başqadır. Belə ki, Rusiya dünyanı aclıqla sınağa çəkir.
Kremldə yaxşı başa düşürlər ki, belə davam edərsə, dünya aclıq təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Beləliklə, Rusiya xüsusilə Qərb ölkələrinin onun maraqlarını nəzərə alacağına və öz şərtlərini masaya qoya biləcəyinə ümid edir. Hərçənd bunun arzuolunan nəticə verə biləcəyini düşünmürəm. Əksinə, prosesin bumeranq effektinə səbəb olacağı və dünya ictimaiyyətinin Rusiyaya təzyiqlərinin daha da artacağı gözlənilir. Qərb bunun üçün onsuz da bəhanə axtarır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin bu ay başa tutması planlaşdırılan görüşündə “Taxıl sazişi”nin müzakirə olunacağı şübhəsizdir. Yəqin ki, Ərdoğan həmkarını razılığın davam etdirilməsinə razı salmağa çalışacaq. Müzakirələrin effektiv keçəcəyini və sazişin bərpa olunacağını proqnozlaşdırmaq olar. Əgər belə olarsa, Ərdoğan əslində Putinə kömək etmiş olacaq. Çünki dediyimiz kimi “Taxıl sazişi”nin uzun müddədlik qüvvədən düşməsi Qərbin Rusiyaya təzyiqlərinin artması deməkdir.
İkinci bir tərəfdən, Putinin Ərdoğanın mövqeyinə qarşı çıxacağı inandırıcı görünmür. Əks halda Rusiya “öz oturduğu budağı kəsmiş olacaq”.
Ankara “Taxıl sazişi”ni bərpa etməkdə maraqlı və səmimidir. Bunun bir neçə səbəbi var. Birincisi, əgər Ərdoğan bunu bacararsa, dünya miqyasında həm Türkiyənin, həm də şəxsən özünün nüfuzu daha da artacaq. İkincisi, Ankara tərəflər arasında vasitəçilik imkanlarını qoruya biləcək. Üçüncüsü, Türkiyə Qərbin planlarının qarşısını ala biləcək. Dördüncüsü, sülh istiqamətində bir dənə olsa belə, açıq qapı qalacaq.
Bəs Qərb “Taxıl sazişi”nin bərpa olunmasında maraqlıdırmı?
Qərb dövlətləri Rusiyanı müntəzəm olaraq “Taxıl sazişi”ni bərpa etməyə çağırırlar. Əlbəttə, onları düşündürən heç də qlobal aclıq təhlükəsi deyil. Sadəcə olaraq dünya dövlətlərinin bir çoxu rəsmi Moskvaya qarşı ictimai qınağı artırmağa çalışır. Deməli, Türkiyə həm də Rusiyanı Qərb qınağından qorumağa çalışır. “Taxıl sazişi” bərpa edilməsə, nələr ola bilər? Bu zaman dünyanı, həqiqətən da, ciddi təhlükə gözləyir. İndi Ərdoğan daha ciddi sınaqla qarşı-qarşıyadır. Maraqlıdır, qardaş ölkə lideri dünyanı aclıq təhlükəsindən qurtara biləcəkmi?
//Kənan Novruzov, Editor.az