Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Rusiyaya səfər edəcək. İyulun 19-da Suriya məsələsi üzrə Tehranda keçirilən konfransda tərəflər razılığa gələ bilmədi. Xüsusilə, Türkiyənin Suriyanın şimal-şərqində PKK-YPG terror təşkilatına qarşı antiterror əməliyatı keçirməsinə Rusiya və İran razılıq vermədi.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ötən gün Rəcəb Tayyib Ərdoğan bir daha Rusiya və İrana mesajlar verərək Ankaranın bu əməliyyatı keçirəcəyini qeyd etdi:
” Türkiyə antiterror əməliyyatını keçirmək üçün ilk növbədə Rusiyanın razılığını almağa çalışır. İranın mövqeyinə gəldikdə Türkiyə üçün bu, əhəmiyyətli deyil. Çünki Kremllə Ankara razılaşdıqdan sonra Tehran geri çəkiləcək. Ona görə də Tehranda razılığın əldə edilməməsi, Türkiyənin birbaşa Rusiya ilə danışıqlar aparmasını şərtləndirdi”.,
M. Əsədullazadə qeyd edib ki, Türkiyə prezidentinin Moskvada V. Putinlə aparacağı danışıqlarda razılığın əldə olunması gözlənilir:
“Moskvaya qarşı Qərb koalisiyasının formalaşması, sanksiyaların tətbiqi Kremlin Ankara ilə əlaqələrini pozmamasına gətirib çıxarır. Ona görə də bu əməliyyata Vladimir Putinin razılıq verməsi mümkündür. Ərdoğan Moskvaya getməyə bilərdi. V. Putinə qarşı sanksiyalar fonunda onun R. T. Ərdoğanı Kremldə qarşılaması və razılaşma əldə etməsi ona hava və su kimi lazımdır. İlk növbədə daxili auditoriya və Qərb göstəriş olacaq”.
Politoloqun sözlərinə görə , avqustun 5-dən sonra Türkiyə ordusunun hərbi əməliyyatlara başlaması mümkündür:
” Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsələsində Ərdoğan da Putinə güzəştə getsin. İkinci məsələ, Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, Taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması məsələsi də müzakirə ediləcək. Bu danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar aparıla bilər. V. Putin R. Ərdoğan vasitəsilə Ukrayna prezidenti V. Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynanın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi danışıqlara başlamasına sövq edir. Digər tərəfdən Ermənistan Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılması müzakirə ediləcək. Cənab Ərdoğan silahlı erməni birləşmələrinin tam çıxarılmasını Moskva ilə razılaşdıracaq. Bundan əlavə, danışıqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi-texniki əməkdaşlıq müzakirə olunacaq. Bu görüş regionda ümumi geosiyasi situasiyanın formalaşmasına təsir edəcək”.
//Gülnarə Abasova, Editor.az

