Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəyini bildirib. O həmçinin iki ölkənin nümayəndə heyətləri arasında İstanbulda başlayan danışıqların davam etdirilməsindən və qısa müddətdə qərara alınan məhbus mübadiləsinin reallaşmasından məmnunluğunu ifadə edib.
Danışıqların ikinci raundunda mümkün atəşkəsin vacibliyini vurğulayan Ərdoğan, nümayəndə heyətlərinin iştirakının sülh prosesini sürətləndirəcəyini bəyan edib. O həmçinin liderlər səviyyəsində keçiriləcək görüşlərin sülh prosesinə töhfə verəcəyini və bu addımların təxirə salınmadan atılması lazım olduğunu dilə gətirib.
Hər iki lider sülh və sabitliyin təmin edilməsi üçün əməkdaşlığı davam etdirməyə razılaşıblar.