Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi qazisi Şəmsəddin Qurbanov sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərinə namizəd olub.
Bakupost.az xəbər verir ki, o namizədliyini 112 saylı Zaqatala seçki dairəsindən irəli sürüb.
“Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər qazanmış Müzəffər Azərbaycan Ordusunun ehtiyata buraxılmış xüsusi təyinatlı bir zabiti kimi vətənimizə, dövlətimizə xidmət etmək bundan sonra da mənim ən ülvi və əsas məqsədlərimdən biridir. Vətənimizə, dövlətimizə, xalqımıza xidmət etmək mənim üçün şərəfdir. Ümid edirəm və inanıram ki, mənə etimad göstərəcək, ölkəmizin inkişafında iştirak etmək arzumun gerçəkləşməsinə şərait yaradacaqsınız. Seçkilərdə iştirak edəcək hər bir şəxsə uğurlar arzu edirəm”, – deyə XTQ kapitanı bildirib.
Qeyd edək ki, Şəmsəddin Qurbanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə iştirak etmişdi. Onun Vətən müharibəsi zamanı üçrəngli bayrağımızla yanaşı Şuşaya qədər apardığı Türkiyə bayrağını Ərdoğana hədiyyə etməsi Prezidenti duyğulandırmışdı.
Ş. Qurbanov 21 iyun 1993-cü ildə Zaqatala rayonun Muxax kəndində doğulub.
2008-2011 ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini fərqlənmə ilə başa vuraraq leytenant rütbəsində Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlayıb.
2015-2022-ci illərdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçib.
2016 Aprel döyüşləri və 2020-ci Vətən Müharibəsində zabit kimi iştirak edib. Murovdağ silsiləsi Kəlbəcər, Cəbrayıl, Xocavənd, Füzuli, Hadrut, Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmiş və 2020-ci il noyabr ayının 9-da Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin sərəncamına əsasən döyüşdəki şəxsi igidlik və şücaətlərinə görə “Vətən uğrunda” , “İgidliyə görə”, Cəbrayılın ,Xocavəndin, Füzulinin, Kəlbəcərin , Şuşanın azad olunmasına görə, “Vətən müharibəsi iştirakçısı”, Qüsursuz xidmətlərə görə 3- cü dərəcəli medal, Silahlı Qüvvələrin yaramasının 95 illiyi yubiley medalı, Silahlı Qüvvələrin yaranmasının 100 illiyi medalları ilə təltif olunub.