Ərdoğanla Putin görüşür- Müzakirə olunacaq məsələlər  ŞƏRH EDİLDİbackend

Ərdoğanla Putin görüşür- Müzakirə olunacaq məsələlər  ŞƏRH EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək. Liderlər Qazaxıstanın paytaxtı Astanada Asiya platforması çərçivəsində bir araya gələcəklər. Dövlət başçılarının müzakirə edəcəyi bir sıra mühüm məsələlər var. Bunlardan birincisi, şübhəsiz ki, Cənubi Qafqazdakı durum, o cümlədən Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşmasıdır. Ekspertlərin fikrincə həm də Putin həmkarını Praqa görüşünün nəticələri barədə məlumatlandıracaq.

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin bəlkə də ən çox görüşən dövlət rəhbərləri kimi artıq Ginnesin Rekordlar kitabına düşməlidir:

” Həqiqətən müasir dövrdə tez-tez görüşən dövlət rəhbərlərini xatırlamq mümkün deyil. Beynəlxalq aləmdə gedən prosesləri diqqətlə izləyən tanınmış kütləvi informasiya vasitələri belə bu görüşlərin sayını verməkdə çətinlik çəkir. Bu rəhbərlər görüşmək fürsəti düşən kimi ondan yararlanmağa çalışır və hətta çox zaman fürsəti özləri yaradırlar. Ən maraqlısı isə odur ki, onların edəcəyi müzakirələr dünya dövlətləri tərəfindən həmişə maraqla qarşılanır. Çünki bu görüşlər təkcə iki dövlət arasında baş verən hadisələri deyil, regional və qlobal təhdidləri müzakirə edib çıxış nöqtəsi tapmağa xidmət edir. Bu gün iki prezident yenə də bir başqa Türk dövlətində görüşürlər. Diqqət Astana şəhərinə yönəlib. Ona görə ki, beynəlxalq aləmdə Rusiyanın iştirakı ilə baş verən son hadisələrin izahını Putinin dilindən eşitmək bu gün əksər dövlət rəhbərinin imkanında deyil. Türkiyə Prezidentinin Astanaya səfərinə ümidlə baxan milyonlarla insan var və onlar görüşdən sonra sakitləşdirici bir cümləni , müsbət bir ifadəni səbirsizliklə gözləyirlər. Tez-tez görüşmələrinə baxmayaraq, sanki bu iki prezidentin müzakirə edəcəyi məsələlər bitməz, tükənməzdir. Çünki onlar bir məsələni müzakirə edib həllini tapana qədər çoxlu sayda digər məsələlər ortaya çıxır və onları müzakirə etmək zərurəti yaranır”.

Politoloq qeyd edib ki, baş tutacaq görüşdə də Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesi və Brüsel görüşünün müzakirə ediləcəyi gözlənilir:

“Məlum olduğu kimi Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Türkiyə, Fransa dövlət başçılarının iştirakı ilə görüş keçirilmiş və sülh müqaviləsinin imzalanması üçün addımlar atılmışdı. Rəcəb Tayyib Ərdoğanın bu mövzu ətrafında rusiyalı tərəfdaşı arasında müzakirə aparacağı gözlənilən idi. Amma Rusiya ilə Ukrayna arasında davam edən döyüş müharibədə son günlər irəli gələn hadisələr bu mövzunun daha aktual olmasına səbəb olacağını düşünürəm. Azərbaycanla Ermənistan arasında gedən danışıqların Rusiya və həm də Türkiyə üçün əhəmiyyətini azaltmadan görüşdə Rusiya – Ukrayna mövzusunun müzakirəsinin prioritet təşkil edəcəyini düşünürəm. Çünki Cənubi Qafqazda müəyyən sabitlik əldə olunub və tərəflər siyasi proseslərlə məşğuldurlar. Rusiya ilə Ukrayna arasında isə müharibə hər keçən gün daha da şiddətlənir və tərəflər indi bir-birini gücdən salmağa deyil , bir-birini məhv etmək uğrunda vuruşurlar. Hətta bu müharibənin müqəddiməsini yazan qlobal güclərin belə göz-qulağı Türkiyə Prezidentinə istiqamətlənib. Onlar da müharibənin bir an belə dayanmasını istəyir və bunu edə biləcək insana hədsiz minnətdarlıq edərdilər. Təbii ki, rus və ukrayna xalqı da bir-birini qırmaqdan tezliklə qurtulmaq istəyirlər. Ərdoğan həm qlobal, həm də regional qüvvələr üçün çox böyük bir missiyanı həyata keçirməyə başlayıb. O, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arasında Ukrayna ilə bağlı görüş keçirmək ideyasını ortaya qoyub və düşünürəm ki, Astana görüşündə müzakirə olunacaq əsas məsələ bu olacaq. Azərbaycanla Ermənistan arasındakı danışıqlar və Suriya məsələsi də müzakirə masasında olacaq. Bu mövzular iki prezidenti hər görüşdə müzakirə etdikləri mövzulardır və düşünürəm ki, bu görüş də istisna təşkil etməyəcək”.

//Gülnarə Abasova, Editor.az