“Ərəb dövlətlərinin dünyada müsəlmanların nə kimi əziyyətlər çəkdiyini gördüyü halda, xüsusən də, Cənubi Afrika və Yaxın Şərqdə, öz cah-cəlallı yaşayışlarından qalmırlar. Bu müsəlmanlara yardım etmək onların ürəyindən keçmir. Amma milyonlar, milyardlar xərcləyib bahalı həyat yaşayırlar. Detallar yəqin ki, hamıya məlumdur. Düzdür, Qətər və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri müəyyən qədər bu ölkələrin içərisində fərqlənir, amma bu, ümumən ərəb, daha dəqiq ifadə etsək, İslam dininin mənbəyi kimi bu ölkələrin mahiyyətinə yaraşmır. Təbii ki, kimsə müsəlman ölkəsidir deyə onlara xristian ölkələri ilə münasibət qurmağı qadağan edə bilməz, amma ən azı İslam dəyərlərini təhqir edən, İslam torpaqlarını işğal edən bir ölkə və ya ölkələrlə bir yerdə oturmağı özlərinə yaraşdırmamalıdırlar”.
Bu fikirləri politoloq Azər Qasımov Editor.az-a Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dövlətinin dəvət olunduğu halda müsəlman Azərbaycan dövlətinin dəvət olunmamasını şərh edərkən bildirib.
Politoloq bildirib ki, ərəb dövlətləri üçün siyasət araya girdikdə İslam amili ikinci plana keçir:
“Ola bilsin ki, bu, birbaşa ərəb ölkələrinin yox, Ermənistanı dəstəkləyən ölkələrin tələbi ilə həyata keçirilsin. Azərbaycan olaraq bizim belə hallara etiraz etməkdə haqlı olduğumuzu qeyd etməklə yanaşı, hesab edirəm ki, bu, eynilə İran fars rejiminin Ermənistanla əlbir olmasını xatırladır. Məsələ ondadır ki, İran fars rejimi türklərdən çəkindiyi kimi ərəb dövlətləri də türklərdən çəkinir. Tarix onlara böyük dərslər verib. Nə İran fars rejimi, nə də ərəb ölkələri türk xalqlarının inkişafını istəmir. Ərəblər bunu açıq şəkildə ifadə etməyə çəkindikləri üçün aparıcı Türk dövlətlərini daim təzyiq altında saxlamaq istəyirlər”.
//Gülnarə Abasova, Editor.az