Ərəb ölkələri İsrailə münasibətdə yeni mərhələyə qədəm qoyurbackend

Ərəb ölkələri İsrailə münasibətdə yeni mərhələyə qədəm qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın tarixdə İsraillə ərəb dünyası arasında baş vermiş üç müharibə (1949, 1967, 1973-cü illərdə) Yaxın Şərq və Şimali Afrika regionlarında gərginliyə səbəb oldu. Son müharibədən 47 il sonra Vaşinqtonun səyləri ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmin gərginliyin aradan qaldırılması istiqamətində tarixi addım atdı. Artıq Körfəz Dövlətləri Şurasına daxil olan ilk ölkə Təl-Əvivlə diplomatik münasibətləri və iqtisadi, elmi, mədəni sahələrdə əməkdaşlığı bərpa edir. Bundan əvvəl ərəb dövlətləri Misir (1978-ci ildə) və İordaniya (1993-cü ildə) analoji addım atıblar.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə müşaviri Cared Kuşner BƏƏ-nin rəsmi (WAM) agentliyinə müsahibəsində bəyan edib ki, yaxın vaxtlarda 22 ərəb ölkəsi Təl-Əvivlə diplomatik münasibətlər qura bilər. Onun sözlərinə görə, Yaxın Şərqin “Silikon vadisi” rolunu oynayan, ən yüksək texnologiyalara malik İsraillə iqtisadi və texnologiya sahəsində əməkdaşlıq ərəb dünyasının tərəqqisində mühüm rol oynayacaq. Artıq Təl-Əviv və Əbu-Dabi arasında bank-maliyyə sektorunda əməkdaşlığa dair saziş də imzalanıb.

C.Kuşner əlavə edib ki, bu tarixi addım ərəb dövlətləri arasında münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, Qətərin son illər Misir, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı tərəfindən blokadaya alınması problemi də həllini tapa bilər.

BƏƏ-İsrail münasibətlərinin normallaşmasına kəskin münasibət bildirən ölkələrə cavab verən ölkənin Xarici İşlər Nazirliyinin strateji kommunikasiyalar üzrə direktoru Hənd Əl Otabiya bildirib ki, Əbu-Dabinin bu addımı regionda vəziyyətin sabitləşməsi, ərəb dünyasının həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. O əlavə edib ki, BƏƏ və İsrail bu proseslərdən məmnundur və bir çox sahələrdə əməkdaşlığa hazırdırlar.