“Ərinin corabını geyindirir, dırnağını tutur, hətta…” – Qalmaqallı psixoloqdan yeni açıqlamalarbackend

“Ərinin corabını geyindirir, dırnağını tutur, hətta…” – Qalmaqallı psixoloqdan yeni açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən məhşurların şəxsi həyatı və ailələri barədə səsləndirdiyi fikirlər cəmiyyətdə müəyyən səs-küy yaradır və müzakirələrə səbəb olur. Son vaxtlar isə, tanınmış qadın müğənnilərin ərlərinə olan sevgi və diqqətlərini efirlərdə şişirdilmiş formada təqdim etmələri tamaşaçılar arasında birmənalı qarşılanmır.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda müğənni Ofelya Şabanova “Rəngarəng səhər” verilişində ərinə olan hörmətindən danışarkən bildirmişdi ki, ərim heç vaxt əyilib corab geyinməyib, ona corablarını həmişə özüm geyindirmişəm.

Sözügedən mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Əfsanə Rüstəmova bu cür davranışların səbəbini açıqlayıb:

“Hadisələrə rəy bildirməzdən əvvəl nəticələrə yox, onları meydana gətirən duyğulara nəzərə salmaq lazımdır. Hazırda müzakirələrə səbəb olan mövzu da bir nəticədir. Onun müzakirə edilməsi cəmiyyətdə qalmaqal və mübahisədən başqa bir şey yaratmayacaq. Cavab tapmaq istəyən şəxs mütləq şəkildə bu nəticəni yaradan emosiyaya diqqət yetirməlidir.

Psixologiya deyir ki, insanlar müəyyən davranışlarının sayəsində seviləcəklərini öyrəniblərsə, sabit dayanmağın özləri üçün faydasız olduğunu fikirləşirlər. Bu səbəbdən heç nə etmədən həyat yaşamaq onlar üçün heç vaxt sevilməyəcəkləri anlamına gəlir. Çünki həmin şəxslərin valideynləri onları bu hala alışdırıb. Uşaqlıqda nə isə etməyin qarşılığında “afərin” sözünü eşidən adamlar yetkin yaşına çatanda bir sıra fədakarlıqlar, məişət qayğılarını öz üzərlərinə götürməklə seviləcəklərini sanırlar. Bu əsasən də qadınlarda baş verir. Onların sevilmək qayğısı ailə həyatlarına yansıyır. Bu səbəbdən həmin xanımlar öz ərlərinə xüsusi qayğı və diqqət göstərir, corabını geyindirir, dırnaqlarını tutur, hətta hamamda ərini çimizdirir, kişinin görə biləcəyi başqa işləri də görməklə bunu ifadə edirlər. İş mühitində də bu tip şəxslərlə tez-tez qarşılaşmaq mümkündür. Onlar öz vəzifə öhdəliklərinə uyğun olmayan işləri öhdələrinə götürüb, gözə girməyə çalışırlar”.

Ekspert bildirir ki,həmin davranışlar təmənnasız olsa, o zaman bu mövzu efirlərə yansımazdı:

“Əgər bu verilişlərdə üstünlük kimi səsləndirilirsə, demək bunu edənlər əslində hərəkət və davranışlarının normal olmadığını dərk edirlər və bu dırnaqarası müsbət fərqləri ilə cəmiyyətdə özlərinə xal qazanmağa çalışırlar. Ancaq qadınlar unutmamalıdır ki, bir xanımın, ümumiyyətlə isə insanın qiyməti göstərdiyi xidmətə görə yox, şəxsi keyfiyyətlərinə uyğun olaraq müəyyənləşir.

Bu davranışların bir də əks versiyası var. Yəni, elə şəxslər də var ki, heç nə etməsələr belə seviləcəklərini düşünürlər. Həmin davranışların pik nöqtəsinə narsizim deyilir. Narsistlər belə fikirdədir ki, sevilmək üçün heç nə etmək lazım deyil. Onlar insani empatiya hissindən məhrumdurlar. Bu iki bir-birinə zidd olan tərəfin tək ortaq cəhəti ifrata varmaqlarıdır.

Sevdiklərimiz üçün əlbəttə nələrsə edirik və etməliyik. Ancaq bunun sevilmək üçün yox, sevgi ilə və sevgi üçün olduğunu unutmamaq lazımdır”.