“Erməni xalqı artıq müharibə istəmir. Bir sözlə Azərbaycan tərəfinin Dəmir Yumruğunu başlarında hiss etdikləri 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra “ağıllanıblar”. Onun üçün də əvvəlcə onu deyək ki, Paşinyanın impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılması mümkünsüz görünür. Çünki erməni baş nazir müharibə tərəfdarı kimi görünmür”.
Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Siyasi analitik bildirib ki, II Qarabağ savaşında rüsvayçı formada məğlub olandan sonra keçirilən seçkilərdə erməni xalqının məğlub liderə yenidən etimad göstərməsi çox sualların cavabıdır:
“Onun üçün də Xocalı cəlladı Sərkisyan çox da ümidlənməsin. Yaxın gələcək üçün də Paşinyanın iqtidardan getməsi real görünmür. Artıq erməni baş nazir son illərdə qınağına və hədəfinə tuş gəldiyi Rusiya ilə də münasibətləri düzəltmək ərəfəsindədir. Son olaraq, 9 may paradında iştirak üçün Moskvaya gəlməsi, bundan günlər sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfər etməsi, orada verdiyi açıqlamalar, eləcə də, gələn ayın əvvələrində Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun gözlənilən Ermənistan səfəri tərəflərin bir-birinə yönəlik atdığı “isti addımlar” kimi dəyərləndirilə bilər. Bir sözlə Kreml artıq əvvəlki kimi, “Qarabağ klanı”nı ciddi qəbul etmir. Buna səbəb də, hələ ki, onların erməni xalqı arasında nüfuzlarının Paşinyana nisbətdə zəif olmasıdır. Sərkisyan özü də bütün bu reallığı yaxşı dərk edir. Sadəcə siyasi meydanda “biz də varıq” mesajını vermək istəyir. Həm də nəzərə alaq ki, Köçəryan və Sərkisyanın hazırda məhkəmələri gedir. Onlar hər an məhkəmə zalında qandallana bilərlər. Sərkisyan həm də bunu hesablayır. Yəni həbs edilsələr, Paşinyan “bizdən çəkindi” kimi görüntü yaratmaq istəyirlər. Digər tərəfdən bir məsələ də burada var. Köçəryan Putinin yaxın dostlarından biri hesab olunur. Sərkisyan həm də Kreml rəhbərinə mesaj verir ki, ölkəsində baş nazir postuna ən layiqli namizəd onun dostunu görür. Bununla Putinin dəstəyini əldə edəcəklərinə ümid edir. Bu da dediyimiz kimi hələ ki, mümkünsüz görünür.
Sərkisyan həm də mediada Köçəryanla aralarında soyuqluq olmadığı barədə Putinə belə açıqlamaları ilə sanki hesabat verir. Əslində bu da düzgün gedişdir. Çünki Kreml sahibinin xeyir-duası olmadan Ermənistanda kimsə hakimiyyətə gələ bilməz. Heç Paşinyan özü də deyildiyi kimi, inqilab yolu ilə guya hakimiyyətə gəldiyi barədə deyilənlər ağ yalandır. Bu, bir gerçəklikdir. Ermənistan Rusiyanın forpostudur, orada 102-ci rus hərbi bazası var. Bu reallıq olduğu sürəcdə orada kimin hakimiyyətdə olmasına Rusiya tərəfi “yaşıl işıq” yandıra bilər.
Unutmayaq ki, bu dəqiqə şimal qonşumuz daha ciddi işlə, yəni Ukrayna məsələsini həll etməklə məşğuldur. Amma Ermənistanı da nəzarətdən buraxmaq istəmir. Ukrayna savaşı bitmədiyi sürəcdə Paşinyan ayağını ayağını üstünə rahat qoya bilər…”.
//Gülnarə Abasova, Editor.az