“Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasından qorxur, ona görə də…”- Politoloqdan açıqlamabackend

“Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasından qorxur, ona görə də…”- Politoloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusunun rəşadəti və güclü diplomatiyamız sayəsində 44 günlük müharibədə Ermənistan ordusu biyabırçı şəkildə məğlubiyyətə uğradılaraq, kapitulyasiya imzalamağa vadar edilsə də, qarşı tərəf bu məğlubiyyətdən hələ də dərs çıxarmır və ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın maddələrini icra etməkdən boyun qaçırır. İcra edilməyən müddəalardan biri də bəyanatın 8-ci maddəsində təsbit edilən hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin qaytarılması ilə bağlıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O, bildirib ki, Azərbaycan tərəfi bəyanatın bütün müddəaları kimi, hərbi əsirlərlə bağlı da prinsipial mövqe göstərir, humanizm nümayiş etdirir:

“Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında da qeyd etdiyi kimi, təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb və qarşı tərəfə təhvil verilib. Lakin Ermənistan tərəfi nə 1992-94-cü illərdə itkin düşmüş azərbaycanlıların qaytarılmasını həyata keçirmir, nə də ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir. Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Halbuki, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, onların şəxsiyyətlərin, müəyyənləşməsi üçün intensiv işlər aparılıb. Həmin şəxslərlə bağlı dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələlər qaldırılmış, faktaraşdırıcı missiyanın bölgəyə səfəri tələb edilmişdir. Ancaq Ermənistan tərəfi nümayişkaranə surətdə itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bundan boyun qaçırır. Bu davranışıyla Ermənistan dövləti Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasını, Beynəlxalq humanitar və adət hüququnun təməl prinsipi hesab edilən Cenevrə Konvensiyalarının I Əlavə Protokolunu, BMT-nin Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsini, BMT-nin İnsan Hüquqları Komissiyasının 2002-ci ildə qəbul etdiyi müvafiq Qətnaməni kobud şəkildə pozur”.

Siyasi analitikin sözlərinə görə əsirlər qaytarılmadığı müddətcə Azərbaycanda olan erməni əsirlər təhvil verilməməli, əsir və girov götürülmüş şəxslərlə bağlı məsələ daim gündəmdə saxlanılmalı, Ermənistan dövləti bu illər ərzində törətdiyi bütün cinayətlərə, antihumanist əməllərə görə cavab verməlidir:

” Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar ötən illər ərzində əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsi, hələ də sağ qalanların qaytarılması, həlak olanların cəsədlərinin qalıqlarının verilməsi tələbi gələcəkdə iki dövlət arasında aparılacaq sülh danışıqlarının vacib predmetinə çevrilməlidir”.

//Gülnarə Abasova, Editor.az

Loading...