Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyası müxalifətin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı bəyanat qəbul etmək təklifini rədd edib.
Editor.az xəbər verir ki, sənədin gündəliyə salınmasının lehinə 27 deputat, əleyhinə 54 deputat səs verib. Bəyanatda faşizm üzərində qələbədə SSRİ-nin rolu vurğulanıb, Stalinqrad və Kursk döyüşləri qeyd edilib. Müəlliflər erməni xalqının töhfəsini, Erməni Apostol Kilsəsinin və diasporunun rolunu xüsusi qeyd ediblər. Sənəddə 1992-ci il mayın 9-da Azərbaycanın Şuşa şəhərinin işğal edilməsindən də bəhs edilib.
Deputat Hasmik Akopyan imtinanı mətndə ABŞ və Böyük Britaniyanın töhfələrinə məhəl qoymadan yalnız SSRİ-yə diqqət yetirməsi ilə izah edib. O, həmçinin qeyd edib ki, sənəddə İkinci Dünya Müharibəsindən 47 il sonra baş vermiş “Dağlıq Qarabağ münaqişəsi” əlaqələndirilir.
Deputat Arman Eqoyan “Böyük Vətən Müharibəsi” ifadəsinin yalnız sovet tarixşünaslığında işləndiyini əlavə edərək, müharibənin əvvəlində SSRİ-nin faşist Almaniyası ilə əməkdaşlıq etdiyini xatırladıb.
Qanun layihəsinin müəlliflərindən biri Tiqran Abramyan cavab verib ki, bəyanat danılmaz tarixi faktlara əsaslanır. Onun sözlərinə görə, sənəd spekulyasiya mənbəyinə çevrilib və geosiyasi layihələrin toqquşması kontekstində müzakirə olunur.
//Samir Qurbanov, Editor.az