Ermənistan savaşda aciz duruma düşüb: Azərbaycan Prezidentinin açıqlamaları isə Paşinyanı “tərksilah” edibbackend

Ermənistan savaşda aciz duruma düşüb: Azərbaycan Prezidentinin açıqlamaları isə Paşinyanı “tərksilah” edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “Karabakh is Azerbaijan!!!” şüarı beynəlxalq məkanda artıq maraqla qarşılanmaqla yanaşı, həm də olduqca məşhurlaşıb… Azərbaycan və onun Prezidenti yalnız savaş meydanında deyil, beynəlxalq informasiya məkanında da Ermənistanı küncə sıxışdırıb…

Cənubi Qafqaz regionunda tarixi hadisələr baş verməkdədir. Belə ki, bu regionda cərəyan edən geopolitik proseslər artıq öz intensivliyini ən yüksək səviyyəyə çatdırıb. Və bu geopolitik proseslərin məntiqi sonluğunun Cənubi Qafqazın yeni mövcudluq şərtlərinin təsiri altına düşməsiylə nəticələnə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd edək ki, Cənubi Qafqaz regionundakı geopolitik proseslərin məzmun və keyfiyyətini hələlik hərbi-siyasi faktorlar müəyyənləşdirməkdədir. Belə ki, Azərbaycan-Ermənistan münaqişəsinin mövcud nəticələri anbaan geopolitik proseslərin istiqamətlərinə təsir göstərir. Yəqin ki, savaş poliqonunda qalibin ünvanı qətiləşənə qədər bu, elə belə də davam edəcək.

Maraqlıdır ki, hazırda Cənubi Qafqaz regionunda başlandığı müşahidə edilməkdə olan yeni mərhələnin avanqard dövləti rolunda məhz Azərbaycan çıxış etməkdədir. Bu isə rəsmi Bakının siyasi iradəsinin regional proseslərdə əsas müəyyənləşdirici faktora çevrilməsinə münbit şərait yaradır.

Düzdür, son illərdə Azərbaycan onsuz da regionun ən güclü dövləti kimi xarakterizə olunmaqdaydı. Çünki Azərbaycan iqtisadi cəhətdən inkişaf edərək, digər region dövlətlərinin önünə keçmişdi. İqtisadi yüksəlişin yaratdığı maliyyə qaynaqları Azərbaycana öz ordusunu da modernləşdirib, gücləndirmək imkanları açmışdı. Və rəsmi Bakı bütün bu imkanlardan maksimum səviyyədə yararlanmağı bacardı.

Nəticədə Cənubi Qafqaz regionunda yeni Azərbaycanın ayaq səsləri daha yüksəkdən duyulmağa başladı. Artıq Azərbaycan həm maliyyə-iqtisadi, həm də hərbi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilmişdi. Bu iki önəmli faktorun – maliyyə-iqtisadi və hərbi-siyasi gücün vəhdəti isə Azərbaycana Cənubi Qafqazın taleyini həll edə biləcək səviyyədə şəriksiz qərar vermə hüququ qazandırmışdı.

Təbii ki, belə hərbi-siyasi qüdrətin ilk reallaşdırılma məkanı məhz savaş poliqonu ola bilərdi. Ən azından ona görə ki, Azərbaycanın son 30 ilə yaxın bir müddətdə həll olunmamış Dağlıq Qarabağ problemi mövcud idi, üstəlik, beynəlxalq səviyyədə tanınmış dövlət ərazilərinin 20 faizi düşmən işğalı altındaydı.

Ona görə də, rəsmi Bakı güclənmiş Azərbaycanın ən önəmli problemini – Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsi qərarını verərkən qətiyyən tərəddüt etmədi. Və qətiyyətli qərarla antiterror əməliyyatlarına başladı.

Məsələ ondadır ki, Ermənistanın son dövrlərdəki provakativ davranışları, sülh danışıqları prosesindən yayınmağa çalışması rəsmi Bakının “səbr kasası”nı doldurmuşdu. Üstəlik, işğal altındakı ərazilərin azad edilməsinə nail olmadan Azərbaycanın daha yüksək inkişafının çətin olacağı da hər kəsə aydın idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycan iqtisadiyyatına daha geniş spektor üzrə xarici investorların sərmayə yatırmasına əngəl olmaqdaydı.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı növbəti avantürist hərbi təxribatından sonra rəsmi Bakı bu problemi kökündən həll etmək qərarı verdi. Azərbaycan ordusu Ali Baş Komandandan çoxdan gözlədiyi əks-hücum əmrini aldı.

Çox qısa zaman ərzində Azərbaycan ordusu savaş poliqonunda Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlük qazandı. Bir neçə günlük silahlı toqquşmalardan sonra Ermənistan işğal etdiyi ərazilərdəki ordusunun təxminən 40-45 faizini itirdi. Sonrakı günlərdəsə, Ermənistan ordusu demək olar ki, hərbi texnikasız qalmış kimi göründü. Azərbaycan ordusu isə strateji mövqeləri ələ keçirtməklə düşmənin hərəkət məkanını tam nəzarətə götürməyə nail oldu.

Nəticədə Ermənistan ordusunun ərzaqla, silah-sursatla və digər hərbi texnika ilə təchizatında ciddi problemlər yaratdı. Ermənistan ordusunun hərbçiləri arasında yaranan panik durum onların döyüş mövqelərini icazəsiz tərk etməsi kimi halların kütləviləşməsinə səbəb oldu.

Elə bir situasiya yarandı ki, Ermənistanın hərbi məğlubiyyətinin qaçılmazlığı hər kəsə aydınlaşdı. Yəni, savaş poliqonunun sahibinə çevrilən Azərbaycan ordusunun ən qısa zaman içərisində qələbəyə nail olacağı qətiyyən şübhə doğurmurdu.

Ancaq bütün bu hərbi uğurlara paralel olaraq, Azərbaycanın Ermənistanı daha bir mübarizə poliqonunda – beynəlxalq informasiya məkanında da mütləq məğlub etməsi önəmli şərtlərdən biri kimi aktuallığını qoruyurdu. Hər halda, erməni lobbisinin və Ermənistanı himayə edən dövlətlərin beynəlxalq informasiya məkanında təsirinin kifayət qədər geniş olması heç kəsə sirr deyil.

Deməli, bu Ermənistanın beynəlxalq informasiya məkanındakı imkanlarına, resurslarına da sarsıpdıcı zərbələr vurmaq lazım idi ki, dünya ictimaiyyətini öz yalanları ilə aldatmaqda davam edə bilməsinlər. Çünki beynəlxalq ictimayyət nəhayət ki, 30 ilədn sonra da olsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri bilməliydi.

Maraqlıdır ki, Ermənistanın beynəlxalq informasiya məkanındakı dayaqlarının dağıdılması prosesində də Azərbaycan Prezidenti İlham Əliyev ön plana keçməyi bacardı. Savaş poliqonunda Ermənistanı aciz duruma salan Azərbaycan prezidenti informasiya məkanı poliqonunda da mütləq üstünlüyü qısa müddətdə ələ keçirdi.

Məsələ ondadır ki, Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas və nüfuzlu televiziya kanallarına geniş məzmunlu açıqlamalar verdi. O cümlədən də, Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa etdi, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurdu.

Azərbaycan Prezidentinin xarici ölkə media qurumlarına müsahibələri sayəsində Ermənistanın yalan informasiya yaymaq imkanları ciddi şəkildə məhdudlaşmağa başladı. Belə ki, hazırda beynəlxalq ictimaiyyət artıq Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını, ermənilərin heç vaxt özlərinə məxsus olmayan qonşu dövlətin – Azərbaycanın BMT tərəfindən təsdiqlənmiş torpaqlarına iddia etdiklərini öyrənmiş durumdadırlar.

Prezident İlham Əliyevin “Karabakh is Azerbaijan!!!” şüarı beynəlxalq məkanda artıq maraqla qarşılanmaqla yanaşı, həm də olduqca məşhurlaşıb. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq, artıq iflasa doğru irəliləməkdədir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və onun Prezidenti yalnız savaş meydanında deyil, beynəlxalq informasiya məkanında da Ermənistanı küncə sıxışdırıb. Azərbaycan Prezidentinin ermənilərin Cənubi Qafqaza ilk gəlişi ilə bağlı tarixi faktlardan tutmuş, Dağlıq Qarabağ münaqişəsinə, Ermənistanın işğalçılıq siyasətinə qədər açıqladığı önəmli məqamlar beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsinə birbağa imkanlar açıb.

Anlaşılan odur ki, savaş meydanında məğlub duruma düşən Ermənistan artıq beynəlxalq informasiya məkanında da tərksilah edilib. Və bütün bunların müsbət nəticələri savaşın Azərbaycan ordusunun qələbəsi ilə bitməsindən sonra daha çox hiss olunmağa başlayacaq.

//musavat.com