“Fransanın Ermənistana verdiyi vədlər Cənubi Qafqaz üçün ciddi problemlər yarada bilər. Çünki bu məsələ sülh prosesinin uzanmasına səbəb olur. Ancaq bir önəmli məqam da var ki, ABŞ, AB, Fransaya və yaxud hər hansı bir qərb siyasi dairəsinə arxayın olub radikal addımların atılması Ermənistan üçün təhlükə törədə bilər. Çünki Ukraynanın timsalında Qərbdən verilən dəstəyin əhatə dairəsi, istiqamətləri, nəticələri tam şəkildə ortaya çıxmış olur. Ukraynaya da hər cür hərbi dəstək verilirdi, maliyyə ayrılırdı, hərbi texnika, silah-sursat göndərilirdi, ancaq hazırda ABŞ Ukraynanı Rusiya ilə bölüşdürür. Həmin Avropa Birliyi və Fransa da kənarda müşahidə etməklə məşğuldur. Hətta Ukraynanın taleyi həll olunur, ancaq özü belə prosesdə iştirak etmir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Ermənistan Ukraynanın başına gələnlərdən dərs çıxartmalıdır:
“Bir müddət əvvəl Fransa Ukraynaya hərbi kontingent göndərəcəyini bəyan edirdi, indi isə Ukraynanın işğal olunmuş ərazilərini hərbi yolla qaytarmağın mümkün olmadığını bəyan edir. Fransa belə bir riyakar, hər an xəyanətə, satqınlığa əl atacaq bir dövlətdir. Ermənistanda əgər siyasi düşüncə, praqramatik yanaşma işləyirsə, Fransaya güvənib hansısa radikal və ya revanşist addım atmamalıdır. Çünki bunun yekun nəticəsi əvvəlcədən bəllidir”.
Siyasi analitik bildirib ki, Azərbaycan Ermənistana bütün sahələr üzrə tam şəkildə cavab verməyə hazır olan güclü bir dövlətdir:
“Fransa Ermənistana nə qədər dəstək olsa belə o, yaxın gələcəkdə Azərbaycanla savaşa hazır deyil. Çünki İkinci Qarabağ Savaşında məruz qaldığı itkiləri hələ də bərpa edə bilməyib. Ermənistan bunun üçün milyardlarla maliyyə xərcləməli, borclanmalı, silah-sursat toplamalıdır. Bu o qədər də asan məsələ deyil. Əgər Ermənistan Fransaya güvənib Savaş niyyətinə düşərsə, bu, onun faciəsinə çevrilə bilər. Ermənistan onsuz da süni şəkildə yaradılmış bir dövlətdir. Bu uydurma dövlətin mövcudluğu böyük risk altına düşə bilər. Yəni, artıq nə Fransa, nə AB, nə də ABŞ-ın dəstəyi ilə ermənilərin Cənubi Qafqazda öz istəklərinə nail ola biləcəyi dövr çoxdan arxada qalıb. Bundan sonra Ermənistan əgər öz gələcəyini xilas etmək istəyirsə, Azərbaycanın qapısını döyməli, irəli sürdüyü şərtləri icra etməklə sülh sazişini imzalamalıdır. Ermənistan üçün bundan başqa çıxış yolu yoxdur”.
//Gülnarə Abasova, Editor.az