“Erməni diasporunun beynəlxalq məkanda “qara propoqanda” aparmaq təcrübəsi mövcuddur. Onlar müxtəlif ölkələrdə yüksək ranqlı məmurlarla münasibətlər qurmağa nail olublar. Eyni zamanda, bəzi Qərb qurumlarında bir çox siyasətçini pulla ələ ala biliblər. Ona görə də erməni diasporu Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaq üçün müəyyən mexanizmlərə malikdir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

E.Xalidbəyli bildirib ki, erməni diasporunun bu imkanları Ermənistanın Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasının əhatə dairəsinə ciddi şəkildə təsir göstərir:
“Rəsmi İrəvan da bütün görüşlərdə və beynəlxalq tədbirlərdə ilk iş olaraq Azərbaycandan şikayətlənir. Və bunu artıq xüsusi fəaliyyət sahəsinə çevirməyə çalışırlar. Ancaq Azərbaycan parlamentlərarası işçi və ya dostluq qruplarının fəaliyyəti hələlik buna adekvat deyil. Yəni, Azərbaycanlı deputatlar erməni təbliğatına qarşı fəaliyyət göstərməkdə müəyyən çətinliklər ilə üzləşirlər. Hətta bu sahədə müəyyən pərakəndəlik də müşahidə olunur. Halbuki, belə intensiv erməni təbliğatına qarşı yalnız planlı-proqramlı fəaliyyət ilə müqavimət göstərmək mümkün ola bilər. Xüsusilə də, erməni vəhşiliyi, yalanları və uydurmaları ilə bağlı mövcud bütün faktların ardıcıl şəkildə beynəlxalq gündəmə gətirilməsi olduqca vacibdir. Ermənilərin törətdiyi hərbi cinayətlər, qətliamlar, təxribatlar barədə beynəlxalq qurumlara daha dolğun sənədli materialların göndərilməsi olduqca vacibdir. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, erməni təbliğatını iflasa uğratmaq mümkündür və lazımdır. Yəqin ki, Azərbaycan parlamentlərarası işçi və ya dostluq qruplarında təmsil olunanlar məhz bu istiqamətlərə diqqət yetirsələr, daha yaxşı olar”.
//Gülnarə Abasova, Editor.az

