“Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni əsirlər barədə dediklərində dərin məna axtarmaq heç bir məntiqə sığmır. Lavrovun əsirlərin azad edilməsini məsləhət görməsini humanitar təklif hesab etmək lazımdır. Lavrovun bu hərbiçilərin 9 noyabr müqaviləsindən sonra tutulması faktını vurğulamasının özü bu hərbiçilərin əsir deyil, terrorçu olduğunu isbat edir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, bildirib ki, Azərbaycan həmin hərbiçilərin bir neçəsini işğaldan azad olunmuş ərazilərin bəzilərində basdırılmış minaların xəritələrinin verilməsi müqabilində artıq azad edib:
” Bunun özü Azərbaycan tərəfinin xoş niyyətinin və humanitar addımının nəticəsidir. Lakin bu insanların arasında cinayət törətmiş terrorçular da vardır ki, bunlar Azərbaycanın cinayət məcəlləsinin sərt maddələri ilə cəzalanıb və qalanları da cəzalanacaq. Erməni diversantlar gec-tez öz ölkəsinə qaytarılacaq, ya cəzalarını çəkəndən sonra, ya da Ermənistan konstruktiv yola gəlib öz öhdəliklərini yerinə yetirməyə başlayandan sonra. Təcrübələr göstərir ki, bu tip əsirlər axır-əvvəl geri qaytarılır. Azərbaycan sadəcə bu əsirləri Ermənistana məcazi mənada desək, “baha satmaq” haqqında fikirləşməlidir. Bunları hansısa tələblərin qarşılığında geri qaytarmalıdır”.
Siyasi analitikin sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı olan mövqeyini daha prinsipial məsələlərdə axtarmalıyıq:
“Bura Ermənistanı yenidən silahlandırmaqdan, “status” məsələsini gündəmə gətirməkdən, sülhməramlıların öz vəzifələrini axıra kimi icra etməməkdən tutmuş, Rusiyanın geosiyasi oyunlarına kimi prinsipial məsələlər aiddir. Hesab edirəm ki, Rusiya heç vaxt bizə qarşı öz fikirlərində səmimi və həqiqi olmayıb. Azərbaycan Rusiyanın təzyiqləri qarşısında bu günə kimi dayanıbsa, bundan sonra da Türkiyənin də dəstəyi ilə dayana biləcək. Bu proseslər tək bizim regionda yox, geniş miqyasda dünyada gedən geosiyasi proseslərin nəticəsidir. Odur ki, Rusiyanın hal-hazırda bir çox sahələrdə təzyiq altında olduğu zamanda Azərbaycanla əlaqələrini kiçik bir torpaq sahəsinə görə korlamaq istəyəcəyi məntiq xaricindədir. Bu baxımdan, regiona sülhün gəlməsi çox da uzaqda görünmür, sadəcə, bir az da Rusiya ilə qaranlıq qalan məsələlərin üzərində işləmək lazımdır”.
//Gülnarə Abasova, Editor.az

