Erməni ekspertdən iddia: Paşinyan devrilir?backend

Erməni ekspertdən iddia: Paşinyan devrilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“APRI Armenia” araşdırma mərkəzinin baş eksperti Beniamin Poğosyan deyib ki, Avropa özünü ayağından vurub, Ermənistanı Avropa İttiifaqına qəbul etməyəcəklər. O, həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda Cənubi Qafqazla maraqlanmır.

”Yaxın vaxtlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Ölkədaxili sosial mövzular gündəmdə olacaq, eyni zamanda xarici siyasi məsələlər də müzakirə olunacaq, burada böyük itkilərimiz var. Hakim “Vətəndaş Müqaviləsi” partiyası və Nikol Paşinyan təbii olaraq seçkilərdə iştirak etmək istəmir. Onlar xalqa deyəcəklər ki, bəli, xarici siyasətdə böyük uğursuzluqlarımız olub, amma bu qədər asfalt çəkmişik və s. Seçkilər ərəfəsində insanlara bildirəcəklər ki, Ermənistanın Aİ-yə daxil olması prosesinə başlamışıq. Deyəcəklər ki, Aİ-yə üzvlük təbii olaraq 60 il çəkəcək, amma biz artıq ilk addımı atmışıq. Bu, onların seçki şüarı olacaq”, – deyə o bildirib.

Mövzu ilə bağlı siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, B.Poğosyanın dediklərində bir neçə maraqlı məqam var:

“Birincisi, Ermənistan Aİ-yə üzvlük üçün cəhd etsə də, bunun hazırkı reallıq çərçivəsində baş tutacağı inandırıcı görünmür. Ən azından ona görə ki, Ermənistan Avropa İqtisadi İttifaqının üzvüdür. Rəsmi İrəvan Aİ-yə üzvlük Aİİ-dən imtina etməlidir. Bu isə indiki məqam üçün ağlabatan deyil. Birincisi, ona görə ki, Ermənistanın Rusiya və Aİİ-dən ciddi şəkildə asılılığı var. Ermənistan indi bu asılılığa son qoymağa, Aİİ-dən imtina etməyə hazır deyil. Elə bu səbəbdən Aİ-nin rəsmi İrəvanın timsalında genişlənəcəyi real deyil. Ən azından yaxın bir neçə il üçün…”.

“İkincisi, Trampın Cənubi Qafqazla maraqlanmamasına dair iddiadır. Əslində bu, o qədər də doğru və məntiqli deyil. Məsələ burasındır ki, beynəlxalq geosiyasətdə bütün proseslər “domino daşı” effekti daşıyır. Bu, xüsusilə də nəhəng və güclü dövlətlər üçün belədir. Yəni beynəlxalq aktorlar fərqli regionlarda baş verən proseslərin bir – birinə təsir etdiyini anlayır və buna uyğun davranırlar. Bu baxımdan Cənubi Qafqaz regionu da istisna deyil”.

Siyasi analitik qeyd edib ki, bir neçə il əvvəldən fərqli olaraq indi Cənubi Qafqazda “sular durulub”:

“Artıq müzakirə mövzusu Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və separatizmə son qoyması deyil. İndi əsas məsələ bölgədə sülh və əməkdaşlıq mühitinin təmin olunması ilə bağlıdır. Üstəlik, bu gün rəsmi Bakı regionda “oyun qaydalarını” diktə edən siyasi aktora çevrilib. Bunu Avropa kimi ABŞ-da da başa düşürlər. Odur ki, mümkündür ki, Vaşinqton daha Cənubi Qafqazla o qədər də maraqlanmasın. Amma bu, heç bir halda elə başa düşülməməlidir ki, ABŞ regionu gözdən qoyacaq. Çünki Cənubi Qafqazda baş verən proseslər həm də Ağ Evin Rusiya, Uktayna, Yaxın Şərq, Türkiyə və İranla bağlı siyasətinə təsir edir. Bu mənada Cənubi Qafqaz ABŞ üçün əhəmiyyətini itirməyib.

Üçüncü məsələ Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və Paşinyanın xarici siyasət kursundan narazılıqla bağlıdır. Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi mümkündür. Amma bunun ən azı yaxın gələcək üçün Ermənistan hakimiyyəti və hakim “Mülki müqavilə” partiyası üçün təhdid yaradacığını düşünmürəm”.

K. Novruzov vurğulayıb ki, erməni baş nazirin xarici siyasət kursundan narazılığına gəldikdə isə bu, tamamilə məntiqlidir: “Çünki Ermənistan bu gün faktiki olaraq “iki stulda oturmağa” çalışır. Rəsmi İrəvan bir tərəfdən Rusiyanı, bir tərəfdən isə Avropa və ABŞ-ni razı salmağa çalışır. Eyni zamanda İranla da münasibətlər qorunur. Daxildəki müxalifət yaxşı başa düşür ki, bu, balanslılıq yox, asılılıqdır.

Ermənistan daxilindəki bir çox siyasətçini narahat edən əsas məsələ İrəvanın Moskvadan uzaqlaşma cəhdləridir. Yəqin ki, bu narahatlıq tədricən artacaq və nəticə etibari ilə Paşinyana qarşı etirazlar da ciddiləşəcək. Bununla belə, qeyd etdiyimiz kimi, Paşinyan hakimiyyəti üçün hələlik ciddi təhlükə yoxdur”.

//Gülnarə Abasova, Editor.az