Ermənistanın geosiyasi kursunda baş verən dəyişikliklər ölkə daxilində dərin ideoloji qarşıdurmalar doğurur. Baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya cəhdləri ən çox müqavimətlə məhz Erməni Apostol Kilsəsi tərəfindən qarşılanır. Kilsənin görünən Rusiya yönlü mövqeyi isə zahiri müttəfiqlikdən daha çox, tarixi manipulyasiya və geosiyasi oyunlar üzərində qurulmuş maraqlar ittifaqına söykənir. Rusiya ilə yaxınlaşmanı zəruri sayan erməni kilsəsinin bu istəyi, həm də onun öz ideoloji dayaqlarını və təsir gücünü qorumaq instinktindən qaynaqlanır.
Əslində, söhbət yalnız kilsə və siyasət münasibətlərindən getmir – bu, bütövlükdə erməni toplumunun öz varlığını hansı ideoloji dayaqlar üzərində davam etdirəcəyi ilə bağlı bir mübarizədir. Paşinyanın atdığı addımlar Ermənistanın gələcək kimliyinə, ideoloji vektoruna və tərəfdaşlıq xəritəsinə birbaşa təsir göstərdiyi üçün kilsə bu istiqamətdə ciddi əngəl rolunu oynayır. Məsələ artıq Ermənistanın daxilində ideoloji hegemonluq savaşı, xaricdə isə böyük güclərin nüfuz savaşı kontekstində cərəyan edir.
Mövzu ilə bağlı politoloq Azər Qasımov Editor.az-a bildirib ki, Erməni Apostol Kilsəsinin Paşinyanın atdığı addımlara qarşı müxalif, bəzən isə açıq düşmən mövqe sərgiləməsində müəyyən həqiqətlərin olduğu görünür.:
“Onların arqumentlərinə görə, Rusiya ilə normal əlaqələr coğrafi baxımdan təbiidir və Qərbin regiondakı varlığı gərginlik mənbəyi hesab olunur. Lakin bu, daha çox nəzəri əsaslara dayanır, çünki reallıq tam başqa mənzərə ortaya qoyur.
Əvvəla, erməni kilsəsinin əsas maliyyə və təsir dayaqları Qərbdə yerləşir – erməni diasporası və ermənipərəst dairələr kilsənin ideoloji və siyasi dayaq nöqtəsidir. Digər tərəfdən, coğrafi olaraq Rusiyaya yaxın olmaq heç kimi bu ölkənin imperativ və şovinist dairələrinin bölgədə işğalçı planlarından sığortalamır. Rusiya üçün “yaxın qonşuluq” və “strateji tərəfdaşlıq” anlayışları yalnız öz maraqları ilə uzlaşdığı yerə qədər keçərlidir.
Bu baxımdan kilsənin guya Rusiya ilə yaxın olmaq istəyi qeyri-səmimi və qərəzli görünür. Əslində, erməni kilsəsi Rusiyanın regionda problemli ərazilər yaratmaq strategiyasından öz maraqları üçün istifadə etməyə çalışır. Kilsə və Kreml bir-birini tamamlayan məqsədlərlə hərəkət edir: biri ideoloji təsir, digəri isə geosiyasi ekspansiya üçün. Kilsənin “tarixi erməni torpaqları” mifologiyası da məhz bu genişlənmə niyyətinə xidmət edən vasitədir”.
Politoloqun sözlərinə görə, Paşinyanın Qərbə yönəlməsi qarşısında duran ən güclü daxili əngəl kilsənin ideoloji çəkisidir:
“Unutmaq olmaz ki, erməni toplumunun formalaşmasında kilsənin rolu tarixi və mərkəzidir. Bu səbəbdən, kilsə hesab edir ki, onun zəifləməsi Qərbə yönəlik proseslərin önünü açacaq və nəticədə erməni xalqı ideoloji dayaqlarını itirərək bu coğrafiyada tədricən assimilyasiyaya uğrayacaq.
Belə bir şəraitdə Paşinyan hakimiyyətini çətin proseslər gözləyir. Azərbaycanla sülh sazişinin imzalanmasına tələskən yanaşma təkcə Ermənistan rəhbərliyinin yox, həm də Qərbin əsas istəyidir. Bu proses Paşinyan üçün həm daxili sabitlik, həm də beynəlxalq dəstəyin davamlılığı baxımından həyati əhəmiyyət daşıyır.
Ancaq burada maraqlı bir reallıq da formalaşır: Azərbaycan və Türkiyə də bu oyunun içində aktiv rol almağa başlayır. Ermənistanı Rusiya qarşısında tək qoymamaq üçün Bakı da diplomatik səhnəyə daxil olur. Bu ikili mövqe – Azərbaycan və Türkiyə tandemi – Rusiyanı neytrallaşdırmaqda mühüm rol oynaya bilər. Beləliklə, həm Ermənistanın Qərbə yaxınlaşması sürətlənə, həm də kilsənin regiondakı təsir gücü ciddi şəkildə zəifləyə bilər”.
//Gülnarə Abasova, Editor.az

