Erməni mətbuatının növbəti yalanı: Davtyan Qarabağa getməyib – FOTOFAKTbackend

Erməni mətbuatının növbəti yalanı: Davtyan Qarabağa getməyib – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Prokuroru Artur Davtyan Dağlıq Qarabağa səfərə yollanıb.

Bu barədə Ermənistanın “Armenpress” nəşri yazıb.

Erməni mətbuatı Artur Davtyanın özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanla görüşdüyünü də qeyd edib.

Sözügedən faktı birinci halda erməni mətbuatının təxribatı kimi də hesab etmək mümkündür. Çünki görüşlə bağlı bir sıra məlumatlar verildiyi halda, yeni heç bir foto və ya digər vizual materiallar yerləşdirilməyib. Xəbər yalnız 7 iyul 2020 tarixli görüşdən fotolarla təqdim olunub.

 

Nə üçünsə yeni görüşdən heç bir foto təqdim edilməyib. Bəs görüşü köhnə fotolarla təqdim etmək nə məqsəd güdür? Görünən odur ki, görüş olmayıb və Davtyan İrəvandan heç yerə getməyib.

Rəsmi Bakının müxtəlif müstəvilərdə erməni məmurların Dağlıq Qarabağa səfərləri barədə sərt və qəti xəbərdarlıq etməsindən çox qısa zaman keçdiyini nəzərə alsaq, “dəmir yumruğun” kölgəsinin hər zaman başı üzərində hiss edən Araik Arutyunyanın bu addımı atması təxribatdan və rəsmi Bakını qıcıqlandırmaqdan daha çox axmaqlıq kimi xarakterizə edilə bilər.

İkinci halda isə məlumatın Ermənistan mətbuatının təxribatı deyil, reallıq olduğunu əsas götürək. Yəni həqiqətən Artur Davtyan Qarabağa səfər edib. Bu halda isə artıq günahı Ermənistan mətbuatının çiyinlərindən götürüb Ermənistan dövlətində görmək lazımdır. Rüsvayçı məğlubiyyət, sosial-iqtisadi böhran, əhalisinin kütləvi miqrasiyası, siyasi etiraz dalğaları ilə üz-üzə qalmış bir dövlətin üstəlik də müharibədən sonra tamamilə regional proseslərdən asılı olduğu bir halda xəbərdarlıqlara baxmayaraq, Azərbaycana qarşı bu cür təxribata əl atmasına yalnız bir ad vermək mümkündür – odla oynamaq.

Erməni tərəfinin bu addımı növbəti dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzası ilə təsdiqlənmiş üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində – Dağlıq Qarabağa üstəlik də 44 gün davam edən və Ermənistan üçün rüsvayçı məğlubiyyətlə nəticələnən müharibədən sonra bu ölkənin rəsmisinin səfəri rəsmi İrəvanın hüquqa zidd və riyakar siyasətinin davamıdır.

Burada həmçinin növbəti dəfə rusiyalı sülhməramlıların fəaliyyətinə kölgə düşdüyünü də qeyd etmək gərəkdir. Çünki sülhməramlıların missiyası Artur Davtyanı Laçın dəhlizində saxlayıb, yoxladıqdan sonra “yaxşı yol” demək deyil, onu Azərbaycan tərəfinin razılığı olmadan özbaşına hərəkəti üçün gəldiyi yolla birbaşa İrəvana göndərməkdir.

İstənilən halda Ermənistan dövlətinin bu cür addımlarının rəsmi Bakı tərəfindən sakitliklə qarşılanacağını və göz yumulacağını gözləmək sadəlövhlük olar. Bundan öncəki hallarla bağlı istər XİN, istərsə də dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev İrəvana müvafiq və olduqca sərt xəbərdarlıq edib. Əgər erməni tərəfi bütün bunları gözə alaraq odla oynamaq variantını seçirsə, unutmamalıdır ki, Bakının İrəvanın yaddaşına “dəmir yumruq”la həkk etdiyi tarixi xatırlatmaq və bundan dərs çıxarmağa vadar etmək üçün bütün imkanları var.