“Ümumiyyətlə, son zamanlar Ermənistan hakimiyyətinin və rəsmilərinin xalqa yönəlik çıxışları bir daha göstərir ki, Ermənistan dərin siyasi böhran içərisindədir. Hazırda erməni rəhbərliyi bu siyasi böhrandan çıxmaq üçün yalançı revanşizm fikirləri ilə daxili auditoriyanın diqqətini yayındırmağa çalışırlar”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, istər revanşizmlə bağlı yalanlar səsləndirənlər, istərsə də Ermənistan cəmiyyəti anlamalıdır ki, törədiləcək hər hansı bir təxribat və ya bu ölkədə revanşist iddiaların səslənməsi onların özü üçün təhlükəlidir:
“Çünki bu cür ziyanlı iddialar prosesi daha da ağırlaşdırmağa xidmət edəcək. Ermənistanın xilası və gələcək inkişafı üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin bağlanmasındadır. Lakin erməni rəsmiləri isə mövcud durumdan dividend əldə etmək istəyir. Əlavə olaraq qeyd edim ki, revanşizm arzusu ilə yaşayanlar Azərbaycan Ordusunun gücünü də unutmamalıdır. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Azərbaycana qarşı hər hansı bir təxribat törədilərsə, qarşılığında Azərbaycanın cavabı çox sərt olacaqdır və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.
//Gülnarə Abasova, Editor.az

