Erməni seçicisi REVANŞİSTLƏRƏ YOX DEYİR: “Bu dəfə də  müxalifət xalqdan ciddi dəstək ala bilməyəcək”backend

Erməni seçicisi REVANŞİSTLƏRƏ YOX DEYİR: “Bu dəfə də  müxalifət xalqdan ciddi dəstək ala bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir. Bu barədə ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib. Onun sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhərini iflic vəziyyətinə salınacaq, küçə və yol ayrıcıları bağlayanaq. O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.

Ermənistanda gərgin daxili vəziyyəti Editor.az -a şərh “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, İrəvanda artıq normal həyatı iflic edəcək etiraz aksiyaların başlaması ilə bağlı qərar verilib:

“Bu gün səhər saatlarından başlayaraq Ermənistanın müxtəlif bölgələri, eləcə də paytaxt İrəvanda polis işçiləri ilə iğtişaşçılar arasında ciddi qarşıdurmalar baş verir. Hesab edirəm ki, aksiyaların təşkilində bir neçə ciddi səbəblər var. Əvvəla bu iğtişaşların nəyə hədəfləndiyini tam dərk etmək üçün kimlər tərəfindən təşkil olunduğunu və həmin qüvvələrin hansı beynəlxalq güclərə bağlı olduğunu aydınlaşdırmaq zəruridir. Ermənistanda etiraz aksiyalarını mövcud hakimiyyətə qarşı formalaşdıran üç qüvvə, “Daşnaksütun”, “Şərəfim var”, “Ermənistan” partiyaları  və bloklarıdır. Hansı ki, həmin bloklar məhz revanşist düşüncələri ilə tanınır və onlar keçmiş prezidentlər, cinayətkarlar Robert Koçaryan və Sarkisyanın əlaltılarıdır. Bu iki keçmiş Prezidentin Cənubi Qafqazdakı  maraqları, Ermənistan-Azərbaycan arasındakı münasibətlərin normalaşmasını istəməyən müxtəlif beynəlxalq güclərin təsiri altında olduğu bəllidir. Onlar isə daha çox erməni lobbi təşkilatları, Rusiyanın təsiri altında olan qüvvələrdir. Nəticədə xarici güclərin  verdiyi sifariş əsasında  Ermənistanda  mövcud hakimiyyətə etimadsızlıq aksiyası başlanılıb. Çünki son bir neçə vaxtdır Ermənistan-Azərbaycan arasında  rəsmi Kreml variantından kənar yeni bir platforma yaranıb. Bu platforma isə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin tənzimlənmə prosesini kifayət qədər sürətləndirir. Eyni zamanda, məhz həmin platforma, Aİ Şurası Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə yaradılan Brüssel platformasının formalaşması ilə Ermənistanla Azərbaycan arasında birbaşa əlaqələrin qurulması variantını yaratdı. Hansı ki bu platforma Rusiyanın Cənubi Qafqazda iştirakçılıq strategiyasına daban-dabana ziddir. Çünki, Ermənistanla Azərbaycan arasında birbaşa əlaqələrin qurulması Rusiyanın Cənubi Qafqazda hərbi iştirakçılığına olan zərurəti aradan qaldırmış olur. Ona görə də Rusiyanın rəsmi mövqeyi  Ermənistanla Azərbaycan arasındakı birbaşa rəsmi ünsiyyətin qarşısının alınması və bu platformanın formalaşmasına meyilli qüvvələrin cəzalandırılmasını hədəfləyir”.

Politoloq  6 aprel tarixində Brüsseldə Ermənistanla Azərbaycan liderləri arasında əldə olunan ciddi razılaşmalardan sonrakı proseslərə toxunub:

” Brüsseldə xüsusilə, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi əsasında Ermənistanda Azərbaycan arasında bir çox məsələləri özündə əhatə edən sülh müqaviləsinin bağlanması istiqamətində xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması, delimitasiya prosesini həyata keçirəcək işçi qrupunun yaradılması ilə bağlı razılaşma əl olunmuşdu. Məhz 6 aprel tarixindən sonra Paşinyan Moskvaya çağırıldı və Rusiya tərəfindən çox ciddi təzyiq-təhdidlərə məruz qaldı. Belə ki, Azərbaycanla birbaşa əlaqələrin dayandırılması və yalnız Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə addımlar atıla biləcəyi ilə bağlı Paşinyana təlimatlar verildi. Amma Paşinyan Moskvadan geri döndükdən sonra ilk günlər bir qədər absurd, əldə olunan razılaşmaların ruhuna zidd açıqlamalar versə də sonradan XİN rəhbəri arasında birbaşa əlaqələrin qurulması Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında birbaşa  görüşün təşkili göstərir ki, rəsmi İrəvan da Azərbaycanla birbaşa münasibətlərin tənzimlənməsi və bu prosesin  ikitərəfli razılaşmalar üzərindən həyata keçirilməsində maraqlıdır. Bunu görən Rusiyanın mümkün təzyiqlər vasitələrini işə salacağı gözlənilirdi və artıq bu proses başlanıb. Hesab edirəm ki, Ermənistanda baş verən hadisələr təxribat tədbirləri, hökumətə etimadsızlıq aksiyaları heç də Ermənistan dövləti və xalqının marağına xidmət etmir, əksinə Ermənistan üzərindən oyunlar qurmağa çalışan ayrı-ayrı qüvvələrin mənafeyinə xidmət  edən addımlardır. Baş verən bu hadisələr Ermənistanı növbəti dəfə böyük zərbə altında qoyacaq. Hesab edirəm ki, ötən il Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı erməni seçicisi Paşinyan və onun komandasına səs verməklə revanşist düşüncələr üzərindən oyunlar qurmaq istəyən qüvvələrə də yox demiş oldu. Bu dəfə də  müxalifət xalqdan ciddi dəstək ala bilməyəcək. Azərbaycanla normal münasibətlərin qurulmasından başqa alternativ yol olmadığını dərk edən Ermənistan siyasi hakimiyyəti həm də real vəziyyəti,erməni cəmiyyətinə inandırıb qəbul etdirməyi bacaracaq”.

//Gülnarə Abasova, Editor.az